2018-ci ildə ağır atletika üzrə dünya çempionatı Aşqabadda keçiriləcək
2018-ci ildə ağır atletika üzrə dünya çempionatı Aşqabadda keçiriləcək.

2018-ci ilin dünya çempionatının Perunun paytaxtı Limada keçirilməsi planlaşdırılsa da, sonradan ölkə təşkilatçılıqdan imtina edib. Bunun da səbəbi San-İsidrada idman mərkəzinin dünya çempionatınadək hazır olmaması ehtimal edilir.

IWF-in İcraiyyə Şurası dünya birinciliyinin Aşqabadda təşkil olunması təklifini yekdilliklə dəstəkləyib.

Turnir Türkmənistanın paytaxtında noyabrın 24-dən dekabrın 3-dək keçiriləcək.

2017-ci ilin dünya çempionatı noyabrın 28-dən dekabrın 5-dək ABŞ-ın Anahaym şəhərində təşkil olunacaq. Əvvəlcə təşkilatçı ölkə Malayziya elan olunsa da, sonradan 2016-cı ilin oktyabrında malayziyalılar turnirdən imtina ediblər. Buna səbəb yarışlara hazırlıq zamanı çətinliklərlə qarşılaşma göstərilib. Beləliklə, ABŞ iki il ardıcıl olaraq təşkilatçılığı boynuna götürüb. Çünki 2015-ci il dünya çempionatı da Hyustonda keçirilib.

Qeyd edək ki, 2017-ci ildə Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları keçirilib. Aşqabadın turnirin keçirilməsi ilə bağlı ərizəsi Asiya Oyunlarından qalan “miras”ın dünya çempionatının təşkilatçılığında istifadə olunacağı ilə əsaslanıb. Belə ki, böyük beynəlxalq yarışların keçirilməsi üçün infrastrukturu, həmçinin müasir idman obyektləri olan Türkmənistan tərəfi qısa zaman kəsiyində turnirə hazırlaşmaq imkanlarına malikdir.

Xəbər 1298 dəfə oxundu.