“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib
Bakıda “Bakcell” şirkətinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə futzal üzrə payız turniri keçirilir.

Şirkətdən bildirilib ki, turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.

Noyabrın 25-dək davam edəcək turnirin sonunda qalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaq. Həmçinin turnirlərdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya “Bakcell” tərəfindən hədiyyələr təqdim ediləcək.

“Bakcell” 2007-ci ildən başlayaraq, federasiyanın futzal üzrə yaz, payız və 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir.

Bu turnirlərə ümumilikdə 48-60 əlil futbolçu cəlb edilir. “Bakcell”in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.

“Bakcell” şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitmə qüsurlu insanlardan ibarət milli yığma komanda üçün seleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən bəri paytaxtda fəaliyyət göstərən eşitmə qüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub.

“Bakcell” şirkəti özünün Korporativ Sosial Məsuliyyət strategiyası vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyir.

Xəbər 660 dəfə oxundu.