Nicat Abbasov “Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi olub
Azərbaycan qrossmeysteri Nicat Abbasov IX “Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi olub. Builki festival Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr edilib.

Turnirdə 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyi ələ alıb. Onun aktivində 6 qələbə və 3 heç-heçə var. N.Abbasov yekun turda Belarus şahmatçısı Aleksey Aleksandrov ilə heç-heçə oynayıb. Beynəlxalq ustalar Nail Bəşirli və Orxan Əbdülov liderdən yarım xal, 11 oyunçu 1 xal, 9 şahmatçı isə 1,5 xalla geri qalıblar.

Uşaqların turnirində Elcan Əbdülkərimli 9 mümkün xaldan 8-ni toplayaraq birinci yeri tutub.

“Baku Open-2017” şahmat festivalı iki qrupda - açıq və uşaq kateqoriyası üzrə keçirilib. Turnirdə Azərbaycan, Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya və Ukraynadan 150-dən artıq şahmatçı iştirak edib.

Yarışların baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Nurəli Məmmədzadə olub.

Xəbər 1020 dəfə oxundu.