Ayxan Tağızadə: Hədəfim beynəlxalq yarışlarda medallar və Olimpiada üçün reytinq xalları qazanmaqdır
Taekvando üzrə milli komandamız Dünya Taekvando Federasiyasının (DTF) təşkilatçılığı ilə Çində keçiriləcək “Böyük dəbilqə” beynəlxalq açıq turnirində iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Olimpiya çəki dərəcələrində təşkil ediləcək “G1” kateqoriyalı təsnifat turnirində kişilərdən ibarət yığma komandamız yarışa 8 idmançı ilə qatılıb.

Komandanın heyətində 68 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edəcək birinci Avropa Oyunlarının və İslamiadanın çempionu Ayxan Tağızadə səfərdən əvvəl müsahibəsində lisenziya xarakterli və reytinq xalları qazandıran yarışlara hazırlıq barədə danışıb.

Gənclər arasında Avropa birinciliyinin mükafatçısı A.Tağızadə bildirib ki, milli komandamız Çindəki yarışa Azərbaycan Taekvando Federasiyasının təlim-məşq bazasında ciddi hazırlaşıb. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi şəraitində keçib. “Federasiyanın rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərir. Çindəki yarışa və toplanışlara üç həftə əvvəldən başlamışıq. Məşqləri hər gün iki dəfə olmaqla yüksək səviyyədə keçirmişik və yarışa həm psixoloji, həm fiziki, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışıq. “Bakı-2015”də və IV İslam Həmrəyliyi Oyunlarında olduğu kimi, gələcək yarışlarda Azərbaycanı layiqincə təmsil edərək çempion olmaq, dövlət himnimizi səsləndirmək, xalqımızı sevindirmək üçün əlimdən gələni edəcəyəm”, - deyə A.Tağızadə bildirib.

Bu ilin avqustunda Taypeydə keçirilmiş Ümumdünya Yay Universiadasında gümüş medal qazandığını xatırladan idmançımız deyib: “Çində keçiriləcək beynəlxalq yarışda da Azərbaycana medalla qayıtmaq üçün səy göstərəcəyəm. Çalışacağam ki, məşqçilərin etimadını doğruldum və bayrağımızı yüksəklərə qaldırım. Məşqçilərin proqramı ilə hərəkət edirik. Yarışlara hazırlıq prosesində onların üzərimizdə rolu böyükdür və təcrübələrini milli komandanın üzvləri ilə bölüşürlər. Yarışdakı rəqiblərimin hamısı titullu idmançılar, Olimpiya, dünya, Avropa çempionları və mükafatçıları olacaqlar. Hər bir idmançının məqsədi Olimpiadada iştirak etmək, nəticə qazanmaq və Olimpiya çempionu olmaqdır. Hazırda əsas məqsədim budur və buna çox yaxınlaşmışam”.

Karyerası ərzində bir çox beynəlxalq turnirin qalibi olan idmançı vurğulayıb ki, Olimpiadada iştirak etmək hüququ qazanmaq üçün gələcəkdə DTF-in cədvəlinə uyğun olaraq, digər yarışlara da qatılaraq indidən reytinq xalları yığmağa çalışacaq. Noyabrın 23-də Çində start veriləcək lisenziya xarakterli yarışda, dekabrın 2-də Kot-d-İvuarın paytaxtı Abicanda başlayacaq Qran-Prinin final mərhələsində və gələn ilin əvvəllərində keçiriləcək Avropa çempionatında qazanılacaq xallar DTF-in dünya və Olimpiya reytinq cədvəlində yüksəlmək, Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün mühüm əhəmiyyət daşıyır. Bu idman növü üzrə qaydalara görə, “Tokio-2020”dək hesablarına yığdıqları reytinq xalları sayəsində cədvəldə ilk altılıqda yer alacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.

Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək imkanları ilə bağlı məlumat verən istedadlı gənc atlet DTF-in Olimpiya çəkiləri üzrə açıqlanan son reytinq cədvəllərini özü üçün üçün uğurlu sayılabiləcəyini diqqətə çatdırıb. İdmançımız deyib ki, əvvəlki aylarla müqayisədə reytinq siyahısında üç pillə irəliləyib. Belə ki, 68 kiloqram çəki dərəcəsində oktyabrın ortalarında açıqlanmış Olimpiya reytinq sıralamasında 212,20 xal ilə altıncı olub. Oktyabrın 20-22-də Londonda keçirilmiş Qran-Pridə iştirak etmədiyi üçün reytinqdə bir pillə geriləyib. Cədvəldə ondan aşağıda olan London Olimpiadasının qalibi, ispaniyalı Joel Qonzalez Bonilla həmin yarışda bürünc medal əldə edərək cüzi xalla reytinq cədvəlində önə keçib. Beləliklə, təmsilçimiz noyabrdakı cədvəldə 207,69 reytinq xalı olduğu üçün yeddinci pilləyə enib.

A.Tağızadə Olimpiadaya xallar yığmaq üçün hələ iki il vaxt qaldığını qeyd edib. Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün indidən hazırlaşdığını vurğulayan taekvandoçumuz bu müddətdə öz üzərində işləyib, reytinq xallarını artırmağa çalışacağını deyib. Bildirib ki, reytinq cədvəlində ən azı ilk beşlikdə olsam, mənim üçün Olimpiadaya birbaşa vəsiqə qazanmaq daha asan olacaq. Avropa Oyunlarının və İslam Oyunlarının çempionuyam. Hədəfim dünya, Avropa və Olimpiya çempionu olmaqdır.

“Hazırda 68 kiloqram çəki dərəcəsi üzrə dünya reytinq siyahısında 203,15 xalla dördüncü sıradayam. Çindəki yarışın qalibləri 10 xal qazanacaq və yarışda mükafatçılar sırasında yer alacaq taekvandoçular dekabrın sonunda bu ölkədə keçiriləcək “Böyük dəbilqə” seriya yarışlarına lisenziya əldə edəcəklər. Bu yarışın çempionları aktivlərinə əlavə reytinq xalları yazdıracaqlar. Çindəki keçiriləcək ilk yarışdan qayıtdıqdan sonra dekabrın 2-3-də Kot-d-İvuarın paytaxtı Abicanda təşkil ediləcək Qran-Prinin final mərhələsində gedəcəyik. Əsas reytinq xalları məhz həmin ölkədəki yarışda veriləcək. Həmin final mərhələsinin qalibi olacaq idmançılar reytinq göstəricilərini 80 xal artıracaqlar. Gələcəkdə məqsədim Olimpiadaya qatılmaq olduğu üçün həmin yarışlarda nəticə əldə etməyi qarşıma vəzifə qoymuşam. Bu yarışların qalibi olacağım təqdirdə və Olimpiya reytinq cədvəlində ilk altılıqda qərarlaşsam, Tokio Olimpiadasına birbaşa lisenziya əldə etmək imkanlarım da artacaq”, - deyə A.Tağızadə əlavə edib.

AZƏRTAC

Xəbər 1081 dəfə oxundu.