Güllə atıcılığı üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub
Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilib. Yarış 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin olduğu vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində baş vermiş faciə qurbanlarının xatirəsinə həsr edilib.

Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi birincilikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov Qarakənd faciəsi haqqında məlumat verərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdir.

Hər komandada 2 oğlan və 2 qızın iştirak etdiyi yarışda şagirdlər pnevmatik tüfəngdən 6 metr məsafəyə atəş açıblar. Daha yaxşı nəticə göstərən Mustafaağalı, Yeni Daşkənd və Kələntərli kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. Oğlanlar arasında Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Yaşar Mahmudov, qızlar arasında isə Mustafaağalı kənd tam orta məktəbin şagirdi Aytən Mahmudova daha çox bal toplayıblar.

Qalib komandalar və yüksək nəticə əldə edən şagirdlər Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

Xəbər 1044 dəfə oxundu.