İdman dırmanması üzrə Şəki turnirinə yekun vurulub
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə yeniyetmələr arasında idman dırmanması (boldrinq) üzrə Şəki turniri keçirilib.

FAIREX-dən bildiriblər ki, Şəki “AMA” və Qax "Ekstremal" klublarının yeniyetmə idmançılarının iştirak etdikləri turnirdə gərgin idman mübarizəsi aparılıb.

Turnirin birinci günündə təsnifat mərhələləri üzrə yarışlar keçirilib. Bu mərhələlərdən müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar. Yarışın ikinci günündə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda güclərini sınayıblar.

Boldrinq üzrə açıq respublika çempionatının seçmə mərhələsinin yekununda 25 idmançı növbəti mərhələyə yüksəlib. Nəticədə ən güclü səkkiz idmançı finala vəsiqə qazanıb.

Çempionatda Yunus Abdurahmanov (AMA) və Əli Osmanlı (Qax Ekstremal) birinci, Elvin Hüseynov (AMA) ikinci, Tural Məhərrəmov (AMA) üçüncü yerə layiq görülüblər.

Xəbər 965 dəfə oxundu.