Moskvada futbol üzrə “RAGB-ın superkuboku” turniri keçirilib
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Tələbə Klubunun təşkilatçılığı ilə futbol üzrə “RAGB-ın superkuboku” turniri keçirilib.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, turnirdə 2010-cu ildən bəri “Heydər Əliyev Kuboku”nda qalib olmuş və mükafatçı komandalar – Moskva Dövlət Humanitar-İqtisad Universiteti, Moskva şəhər Pedaqoji Universiteti, Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ), Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin, həmçinin Ümumrusiya Azərbaycanlıları Konqresinin və RAGB-ın komandaları iştirak ediblər.

Emin Hacıyev qeyd edib ki, RAGB-ın sədri Leyla Əliyeva gəncləri birləşdirir, nəinki azərbaycanlı və rusiyalı gənclər, həm də Rusiyada yaşayan müxtəlif xalqların və diasporların nümayəndələri arasında dostluğun möhkəmləndirilməsi üçün imkanlar yaradır. Təqdirəlayiqdir ki, hazırkı turnirdə azərbaycanlı gənclərlə yanaşı, rusiyalı, belaruslu, gürcü və Moskvadakı digər diaspor nümayəndələri də iştirak ediblər.

Yarış iştirakçıları püşkatma yolu ilə hər birində 3 komanda olmaqla, 2 qrupa bölünüblər. Finala çıxmaq və mükafata layiq yerlər tutmaq üçün hər iki qrupda gərgin mübarizə gedib.

Bütün komandalar baxımlı və gözəl futbol nümayiş etdirərək yüksək yerlər tutmağa can atıblar.

Turnirin yekunlarına görə, üçüncü yeri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, ikinci yeri Ümumrusiya Azərbaycanlıları Konqresinin komandası tutub. “RAGB-ın superkuboku”nu Rusiya Azərbaycanlı Gənclər Birliyinin komandası qazanıb.

AZƏRTAC

Xəbər 937 dəfə oxundu.