“Qarabağ”-“Çelsi” oyununun tamaşaçıları ekspress xətt avtobusları ilə daşınacaq
“Qarabağ”-“Çelsi” oyununun tamaşaçıları ekspress xətt avtobusları ilə daşınacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Çelsi” oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə - metronun “Qara Qarayev”, “20 Yanvar” və “28 May” stansiyaları istiqamətində hərəkət edəcək.

M.Ağayevin sözlərinə görə, ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara şimal çıxışında ekspress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildirilir ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 Yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb.

“Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyi azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda, hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir.

Xəbər 627 dəfə oxundu.