“Qabala Open” beynəlxalq turniri başa çatıb
“Qəbələ” İdman Klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən “Qabala Open” beynəlxalq turniri başa çatıb.

Qəbələ Olimpiya İdman Kompleksində 3 gün ərzində keçirilən yarışda Azərbaycanın 30 şəhər və rayonundan, eləcə də Türkiyə, İraq, Gürcüstan və Rusiyadan 500-dən çox idmançı iştirak edib. Qız və oğlan idmançılar dörd yaş qrupunda (2006-2007-ci və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənclər) 49 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıblar.

Turnirin təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması olub.

Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutan yerli və əcnəbi idmançılara medal və diplom təqdim edilib. “Qabala Open” beynəlxalq turnirdə göstərdiyi uğurlu nəticəyə görə komanda hesabında Bakının “Tofiq İsmayılov” klubu birinci, Ağcabədi idmançıları ikinci, “Təhsil” RİM üçüncü, “Rabitə” idman klubu dördüncü yeri tutub. Turnirdə “Qəbələ” İdman Klubunun 11 idmançısı medal qazanıb.

Qeyd edək ki, “Qəbələ” İdman Klubu ilk dəfə keçirilən turnirin uğurla başa çatdığını nəzərə alaraq, bu yarışı ənənəvi olaraq hər il keçirməyi və daha çox xarici ölkədən idmançıları “Qabala Open” turnirinə cəlb etməyi planlaşdırır.

Xəbər 736 dəfə oxundu.