“Çelsi” klubu İngiltərə Premyer Liqasında XII turun oyununda səfərdə “Vest Bromviç”ə qalib gəlib
Azərbaycan çempionu “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərənin “Çelsi” klubu Premyer Liqanın XII turunda növbəti oyununu keçirib.

“Çelsi” klubu səfərdə “Vest Bromviç”lə qarşılaşıb.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan altı dəqiqə sonra Eden Azar fərqi artırıb. Otuz səkkizinci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə E.Azar dubl edərək yekun nəticəni müəyyənləşdirib.

Bununla da xallarını 25-ə çatdıran “Çelsi” ikinci pilləyə yüksəlib. On xala malik “Vest Bromviç” isə 17-ci pilləyə enib.

Xatırladaq ki, “Çelsi” klubu növbəti oyununu noyabrın 22-də Bakıda “Qarabağ”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Xəbər 607 dəfə oxundu.