Birgə gimnastika yarışlarında qaliblər müəyyənləşib
Noyabrın 17-18-də Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı, Bakı birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib.

Turnirin ilk gününə akrobatlar start verib. Cütlük və qrupda çıxış edən gimnastlarımız hakimlər qarşısında öz yeni proqramlarını təqdim ediblər. Çətin elementlər və zövqlü musiqidən ibarət çıxışlar həm hakimlər, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Akrobatlarımızın mükafatlandırılmasında hər kateqoriyada dörddən az idmançı olduğundan gimnastlarımıza yalnız hədiyyələr təqdim edilib.

Sonra meydançanı güc və dözümlülüyü tərənnüm edən idman gimnastları təhvil alıb. Yarışların birinci günündə kişi idman gimnastları balalar, kiçiklər və balacalar yaş kateqoriyasında öz aralarında qalibləri müəyyənləşdiriblər. Qadın idman gimnastikasında isə uşaqlar, yeniyetmələr və gənclərin mükafatlandırılması keçirilib. Yaşlarının az olmasına baxmayaraq yeni nəsil gimnastlarımız əsl yarış əzmi nümayiş etdirərək fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Yarışların ikinci günü isə uşaqlar, yeniyetmələr, gənclər, böyüklər yaş kateqoriyasında yer alan kişi idman gimnastları, balacalar yaş kateqoriyasında isə qadın idman gimnastları öz güclərini sınayıblar. Öz övladlarını izləməyə gələn valideynlər onların uğurlarına sevinərək yarışın sonunadək idmançılarımıza dəstək olublar.

Medallar uğrunda mübarizədə Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Respublika Olimpiya İdman Liseyinin yetirmələri fərqlənərək mükafatlara sahib olublar.

Xatırladaq ki, iki gün davam edən turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparıb.

Xəbər 740 dəfə oxundu.