Daxili işlər orqanlarının əməkdaşları arasında keçirilən cüdo birinciliyi başa çatıb
Daxili İşlər Nazirliyinin (DİN) xidməti idman tədbirlərinin təqvim planına əsasən cüdo üzrə daxili işlər orqanlarının əməkdaşları arasında çempionat keçirilib.

Nazirliyin İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıdan söhbət açıb. Qeyd olunub ki, bu gün idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır, Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan idmançılarının ən mötəbər yarışlarda əldə etdikləri qələbələr, keçirilən idman tədbirlərinin miqyası respublikamızın dünyanın ən güclü idman ölkələrindən birinə çevrilməsinin əyani sübutudur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Bütün bu uğurların əsasında Ulu Öndərin müəyyən etdiyi, Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi düzgün siyasət durur. Ölkəmiz məhz bu siyasətin sayəsində həm də mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edən məkana çevrilib.

Sonra yarışlara start verilib.

DİN İdman Cəmiyyətində keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 11 komandanın heyətində 90 idmançı tatami üzərinə çıxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rüstəm Diniyev (60 kq, Polis Akademiyası), Rəşad Həsənov (66 kq, Naxçıvan MR DİN), Yusif Bayramov (73 kq), Azər Fətullayev (81 kq, Əlahiddə Çevik Polis Alayı), Bəxtiyar Abbasov (90 kq, Bakı Şəhər BPİ), Kənan Abdullaxanlı (100 kq, Baş Mühafizə İdarəsi) və Zaur Məcidov (100 kq-dan artıq, DİN İdman Cəmiyyəti) çempion adına sahib olaraq, baş mükafatlara layiq görülüblər.

İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın təcrübələrini ildən-ilə artırdığını diqqətə çatdırıb. Bildirib ki, bu yarışların keçirilməsi həm də beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcək idmançıların müəyyənləşdirilməsi məqsədini daşıyır.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elmir Həsənov və Seymur Qurbanbəyli iştirak ediblər.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 820 dəfə oxundu.