İdman və akrobatika gimnastikası üzrə birgə yarışların açılışı olub
Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə açıq Azərbaycan çempionatının və Bakı birinciliyinin, eyni zamanda, akrobatika gimnastikası üzrə ölkə çempionatının noyabrın 17-də açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov ölkəmizdə gimnastikanın inkişafı və kütləviləşməsi, istedadlı yeniyetmə gimnastların üzə çıxarılması, onların tərcübələrinin artırılması baxımından belə turnirlərin önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, akrobatlarımız bu ilin oktyabrında Polşanın Jeşuv şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər. Yığma komandamız gələn ilin aprelində təşkil olunacaq akrobatika gimnastikası üzrə dünya çempionatında da iştirak edəcək.

İki gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır. İştirakçılar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.

Turnirin birinci günündə 2004-cü il təvəllüdlü və daha böyük yaşlı akrobatlar qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupu yarışlarında güclərini sınayırlar. Həmçinin kişi idman gimnastikası üzrə balalar, kiçiklər və balacalar, qadın idman gimnastikası üzrə isə uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında mübarizəyə qoşulublar.

Xəbər 1042 dəfə oxundu.