Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, universitetlərin rektorları, ölkəmizin idman və təhsil ictimaiyyətinin, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Açılış mərasiminin iştirakçıları əvvəlcə idman sarayında yaradılan Heydər Əliyev guşəsi ilə tanış olublar. Məlumat verilib ki, İdman Sarayının təməli ümummilli lider Heydər Əliyevin iştirakı ilə qoyulub. Məhz Ulu Öndərin şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq ali təhsil müəssisəsinin ixtiyarına verilib.

İştirakçılar İdman Sarayının basketbol, qılıncoynatma və digər zallarında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, bu idman qurğusunda təkcə universitetin tələbələri üçün deyil, peşəkar idmanla məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılıb. Sarayın ümumi sahəsi 1804 kvadratmetrdir. İdman Sarayı 928 tamaşaçı yerlikdir. Bu idman qurğusu ən yüksək beynəlxalq standartlara tam cavab verir. Burada trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılınoynatma, cüdo, boks və digər idman növləri ilə məşğul olmaq üçün mükəmməl şərait var.

Sonra idman sarayı ilə bağlı videoçarx nümayiş olunub.

İdman Sarayı ilə tanışlıqdan sonra dekabrda universitetlər arasında start veriləcək badminton turnirinin püşkü atılıb və yarışda mübarizə aparacaq 8 komandanın rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə görə, birinci turda Azərbaycan Dillər Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin təmsilçiləri ilə üz-üzə gələcək. Azərbaycan Texniki Universitetinin idmançıları isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təmsilçiləri ilə mübarizə aparacaqlar. Bakı Dövlət Universitetinin komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrini sınağa çəkəcək. Azərbaycan Tibb Universitetinin təmsilçiləri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə qarşılaşacaqlar.

Açılış mərasimindən sonra konsert proqramı təqdim olunub.

Sonda badminton üzrə Azərbaycan çempionatının kişilər arasında fərdi yarışlarının final oyunu keçirilib.

Xəbər 2546 dəfə oxundu.