Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə keçirilən idman yarışlarına yekun vurulub
Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə yüngül atletika üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 70-ə yaxın atlet mübarizə aparıb.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışın reqlamentinə əsasən oğlanlar 100, 200, 400, 800 və 1500, qızlar isə 100, 200, 400 və 800 metr məsafəni qət ediblər.

Yekun nəticəyə əsasən oğlanlar arasında Məhəmməd Tağıyev, Bəhlul Əsgərli, Sərdar Tağıyev, Cəbrayıl Yunusov və Əmrah Nağıyev müvafiq olaraq 100, 200, 400, 800 və 1500 metr məsafələrdə finiş xəttinə hamıdan birinci çatıblar. Qızların mübarizəsində isə Gülayə Cəfərova (100 və 400 metr), Aytən Rəhimova (200 metr) və Sevgi Məmmədli (800 metr) qalib adını qazanıblar.

Xəbər 570 dəfə oxundu.