Ağacan Əbiyev: Azərbaycanın idman sahəsindəki təcrübəsi bir çox ölkələrdə tətbiq edilir
Azərbaycan idman ölkəsi kimi tanınır və bizim idman sahəsində qazandığımız təcrübə bir çox ölkələrdə tətbiq edilir.

Bu fikri Ukraynanın paytaxtı Kiyev şəhərində “İdmanda davamlı inkişaf və irs: perspektivlər və problemlər” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Əbiyev söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olimpiya hərəkatı inkişaf edir, Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər.

Azərbaycanda idmanın kütləviliyinin təmin olunduğunu vurğulayan A.Əbiyev qeyd edib ki, ölkəmizdə Avropa və İslam Həmrəyliyi oyunları yüksək səviyyədə keçirilib.

MDB və Avropanın 30-dan çox ölkəsinin nümayəndələrinin qatıldığı tədbirdə Ukrayna və Belarus dövlətinin təmsilçiləri beynəlxalq yarışların keçirilməsində və idmançıların yetişdirilməsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.

AZƏRTAC

Xəbər 531 dəfə oxundu.