Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi idmana da qayğı ilə yanaşıb.

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Naxçıvan Dövlət Universitetinin pedaqoji fakültəsinin bədən tərbiyəsi və idman ixtisasının tələbələri ilə görüş zamanı nazir Azad Cabbarov səsləndirib.

“Müstəqillik illərində idmanla bağlı qanunvericilik təkmilləşdirilib, maddi-texniki baza yaxşılaşdırılıb, böyük idman kompleksləri, idman-sağlamlıq mərkəzləri tikilib”, – deyən nazir vurğulayıb ki, bu gün muxtar respublikada da uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.

Azad Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar muxtar respublikada gənclərin intellektual səviyyəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir.

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanılmasından danışıb. Bildirib ki, muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, orta və ali təhsil müəssisələrində idman zallarının yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkan verib.

Sonra tələbələr Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Naxçıvan Muxtar Respublika Stadionu və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi ilə yaxından tanış olublar.

Xəbər 1200 dəfə oxundu.