Danimarka millisi dünya çempionatına vəsiqəni 5 qolla təmin edib
Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına Avropa zonasından sonuncu vəsiqənin sahibi Danimarka milli komandası olub.

Danimarkalılar doğma meydandakı qolsuz heç-heçədən sonra Dublindəki “Aviva” stadionunda ev sahibi İrlandiya yığmasını darmadağın ediblər – 5:1.

Oyunda hesabı irlandiyalılar açıblar. Matçın 6-cı dəqiqəsində Şeyn Dafi adını tabloya yazdırıb. Lakin bu qoldan sonra təşəbbüsə tam yiyələnən Danimarka yığması 29-cu dəqiqədə Andreas Kristensenin qolu ilə oyunda tarazlığı bərpa edib. Bundan sonra danimarkalıların heyətində Kristian Eriksen het-trik edərək (32, 63, 74) komandasının qələbəsini təmin edib. Matçın 90-cı dəqiqəsində isə Niklas Bendtner İrlandiya yığmasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının dünya çempionatında iştirakını rəsmiləşdirib – 5:1.

Beləliklə, ümumi hesabda 5:1 hesabı ilə qalib gələn Danimarka yığma komandası Rusiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

Xəbər 576 dəfə oxundu.