Afərin şahmatçılar, oyunda qalibsiniz!
28 oktyabr – 6 noyabr Yunanıstanın Kreta–Maris şəhərində şahmat üzrə Avropa komanda çempionatı keçirilib. Yarışda Azərbaycanın kişilərdən ibarət komandası birinci yerə layiq görülüb, üçqat Avropa çempionu olub.

Birinci yer qazandı, mükəmməl komandanız,
Siz üçqat Avropanın çempionu oldunuz,
Qızıl xətlə yazıldı, tarixləşdi adınız.
Tarixi bir qələbə – qürur duyur ölkəmiz,
Afərin şahmatçılar, oyunda qalibsiniz!

İmzanızla yazdınız yeni tarix dastanın,
Ucaltdınız zirvəyə Azərbaycan ünvanın,
Qazandınız sevgisin milyon-milyon insanın.
Ruhlanıb qələbədən sevinclə deyirik biz,
Afərin şahmatçılar, oyunda qalibsiniz!

Eşq olsun Rauf, Qadir, Naydiç, Teymur, Şəhriyar,
Oldu Yer-göy Yaradan, Uca Tanrı sizə yar,
Zəkanız, zəhmətiniz verdi gözəl bəhər-bar.
Əcdadların ruhunu oyatdı hünəriniz,
Afərin şahmatçılar, oyunda qalibsiniz!

Azərbaycan şahmatın ucaltdınız bir daha,
Çiçəklənən vətənə sevginiz candan baha,
Yeni uğurlar ilə yol açdınız sabaha.
Güclülərin güclüsü siz oldunuz şəriksiz,
Afərin şahmatçılar, oyunda qalibsiniz!

Ağılla qalib gəlib, tarixə iz saldınız,
Ölkənin başçısından mükafatlar aldınız,
Milyonlar sevdi sizi, ürəklərdə qaldınız.
Qürurla yazır Oqtay, fərəhimiz sizsiniz,
Afərin şahmatçılar, oyunda qalibsiniz!

Oqtay Zəngilanlı

Xəbər 747 dəfə oxundu.