İFSС prezidenti MOK-da olub

Martın 30-da ölkəmizdə səfərdə olan Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Aleksandr Pirantinski Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb.

Görüşdə qonağa Azərbaycanın idman sahəsində qazandığı uğurları, ölkəmizdə təşkil olunan mötəbər yarışlar və Bakının 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə namizəd şəhər olduğu barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan 2013-cü ildə qayayadırmanma üzrə dünya kubokunun mərhələ yarışlarına ev sahibliyi etmək üçün İFSC-yə müraciət etmişdi. Həmçinin bu mötəbər yarışın Azərbaycana həvalə ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən A.Pirantinski 2020-ci ildə qayayadırmanmanın Olimpiya Oyunlarının siyahısına salınacağını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın gələn il dünya kubokunun mərhələ yarışlarına ev sahibliyi etməsi üçün böyük imkanı var. Çünki ölkədə yaradılan infrastruktur bunu deməyə imkan verir.

Səfər çərçivəsində A.Pirantinski qayayadırmanma idman növü üzrə hakimlərə, təlimçilərə və idmançılara bir neçə ustad dərsləri keçəcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2010-cu ildən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının üzvüdür.

Xəbər 2201 dəfə oxundu.