Xorvatiya millisi dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib
Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin növbəti matçları keçirilib.

Xorvatiya milli komandası cavab qarşılaşmasında Yunanıstan kollektivinin qonağı olub. Doğma meydanda rəqibinə 4:1 hesabı ilə qalib gələn xorvatiyalıların səfər matçında heç-heçə qeydə alınıb - 0:0.

Doğma meydanda əldə edilən qələbə sayəsində Zlatko Daliçin yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.

Xatırladaq ki, Rusiya, Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə və Xorvatiya milliləri dünya çempionatının final mərhələsinə adlayıblar.

Qeyd edək ki, Avropa zonası üzrə son iki vəsiqənin sahibi noyabrın 13-də İtaliya-İsveç və ertəsi gün keçiriləcək İrlandiya-Danimarka görüşlərindən sonra müəyyənləşəcək.

Xəbər 576 dəfə oxundu.