“Bakı Şəhər Halqası” bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) İşçi qüvvəsi şöbəsinin əməkdaşlarının iştirakı ilə paytaxtın bir sıra aparıcı universitetlərində tələbələrə 2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinin “Könüllülər Proqramı”nın təqdimatı ilə əlaqədar tədbirlər keçirilib.

Bakı Dövlət, Bakı Mühəndislik, Azərbaycan Dillər, Bakı Slavyan və Qərb universitetlərində təşkil olunan tədbirlərdə tələbələrə könüllülük proqramı və onun vasitəsilə gənclərin əldə edə biləcəyi uğurlar barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində iştirakçılar proqrama qoşularaq şəxsi inkişaf istiqamətində ata biləcəkləri mümkün addımlar haqqında ətraflı məlumat əldə ediblər. Əməliyyat Şirkətinin nümayəndələri “Könüllülük nədir və özündə nələri birləşdirir?” kimi könüllülük proqramı ilə əlaqədar tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətiriblər.

Bundan başqa, görüş zamanı Bakıda keçirilmiş Formula-1 yarışlarında könüllü fəaliyyət göstərən gənclərin qazandığı uğurlar da diqqətə çatdırılıb. Həmçinin tələbələr könüllülük proqramı çərçivəsində özünü inkişaf etdirən və İtaliya Qran-Prisində tamaşaçı kimi iştirak imkanı qazanan könüllülər və onların uğur gətirən fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş zamanı tələbələrə indiyədək könüllülər üçün təşkil olunan müxtəlif təlim, seminar və dil kursları barəsində məlumat verilib. Tələbələr könüllü olmağa dəvət ediliblər.

Xəbər 666 dəfə oxundu.