Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər
Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb.

Paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu yarışlarda nazirliyin İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər. DİN-in təmsilçiləri yarışa əvəzedici heyətlə qatılıb.

Sərbəst güləşçilərin yarışında DİN İdman Cəmiyyətinin üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində qalib olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançıları bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.

Yunan-Roma güləşi üzrə paytaxt pəhləvanlarının mübarizəsində isə Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Orxan Qəhtiranov isə bürünc medala sahib olub. DİN İdman Cəmiyyətinin pəhləvanlarını bu yarışa polis polkovnik-leytenantları, Əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.

Xəbər 628 dəfə oxundu.