Aleksey Dreyev: Azərbaycan şahmatçıları əsl peşəkarlıq göstərdilər
Rusiya qrossmeysteri Aleksey Dreyev Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatının nəticələrini şərh edərkən Azərbaycan yığmasının qələbəsini xüsusi vurğulayıb.

Dreyevin fikrincə, Azərbaycan və Rusiya yığmaları bu çempionatda layiq olduqları ən yüksək mükafatlara sahib oldular. Həmvətənlərinə azarkeşlik etdiyini gizlətməyən qrossmeyster sonuncu Olimpiadada çalışdığı Azərbaycan yığmasına da rəğbət bəslədiyini bildirib: “Azərbaycan fantastik iradi keyfiyyətlər nümayiş etdirdi. Uğursuz startdan sonra irəli çıxmaq, hətta Rusiyaya qalib gəlmək, özü də necə qalib gəlmək. Komanda igidlik göstərdi”.

Ekspert bildirib ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov Avropa qızılını üçüncü dəfə qazanıblar. 2009-cu ildə Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili, 2013-cü ildə Aleksandr Xalifman, indi isə Eltac Səfərli idi.

Dreyev bildirib ki, Azərbaycan millisinin üzvü Arkadi Naydiç iki ölkənin milli komandasının heyətində Avropa çempionu olan ilk qrossmeysterdir. Latviyada doğulan A.Naydiç altı il əvvəl Almaniya yığmasının, 2017-ci ildə isə Azərbaycan yığmasının tərkibində Avropa çempionatının qızıl medalını qazanıb.

Xəbər 582 dəfə oxundu.