Ağır atletika üzrə 4-cü mərhələ Samuxda başa çatdı
28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi keçirilib. Bu zaman 300-ə yaxın atlet qüvvəsini sınayıb.

Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda oktyabrın 28-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə aparıb. 1-2 noyabr tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 4-5 noyabrda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıb.

Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılıblar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olub. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparıb, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilir.

Xəbər 1919 dəfə oxundu.