Azərbaycanın cüdo yığmasında təzə baş məşqçi
Azərbaycanın kişilərdən ibarət cüdo yığmasına Ruslan Maşurenkonun baş məşqçi təyin edilməsi cüdo aləmində noyabr ayının əvvəlinin mühüm xəbərlərindən biri olub.

Ukraynalı mütəxəssis bu vəzifədə Fərhad Məmmədovu əvəz edib. Sonuncu Piter Zayzenbaxerin getməsindən sonra həmin vəzifədə müvəqqəti çalışırdı. İndi komandamızın nəticələrinə görə bütün məsuliyyət yeni baş məşqçinin üzərinə düşür.

Rio Olimpiadasından sonra Azərbaycanın cüdo yığması sanki ikinci nəfəs qazandı. Cari ili isə onun üçün tarixi hesab etmək olar. Komanda Varşavada keçirilmiş Avropa çempionatında beş medal (iki qızıl və üç bürünc) qazandı, dünya çempionatında isə medalların sayına görə rekord müəyyən etdi: idmançılarımız dörd dəfə (iki gümüş və iki bürünc) fəxri kürsüyə qalxdılar. Hələ biz “Böyük dəbilqə” və Qran-Pri turnirlərindəki uğurları demirik.

R.Maşurenko son vaxtlaradək Ukrayna Cüdo Federasiyasının vitse-prezidenti olub. O, 2000-ci ildə Sidneydə idmanın bu növü üzrə bürünc medal qazanaraq, ölkəsinə ilk Olimpiya medalını aparıb. Karyerasının məşqçi mərhələsinin Azərbaycan yığmasında onun üçün nə dərəcədə uğurlu olmasını söyləmək çətindir, lakin R.Maşurenkonun müvəffəqiyyət qazanması üçün lazım olan bütün komponentlər var: bu, istedadlı və tanınmış “ulduz” cüdoçularımızın nailiyyətləri və yığmanın dünya arenasında nüfuzudur.

Qadın cüdoçularına isə Natiq Bağırov baş məşqçi təyin edilib. Təcrübəli mütəxəssis uzun müddət Belarus yığmasında işləyib. Bu komanda məhz onun rəhbərliyi ilə Afina-2004 Olimpiadasında parlaq nəticə göstərib. O zaman qızıl medal qazanmış İqor Makarov (100 kq) Belarusda cüdo üzrə yeganə olimpiya çempionudur.

İndi N.Bağırovun qarşısında beynəlxalq arenada mühüm nəticələr göstərmiş istedadlı idmançılarla işləmək dayanır. Məsələn, Nəzakət Əzizova (52 kq) Zaqrebdə gənclər arasında dünya çempionatında bürünc medala layiq görülüb. Yığmamızın indiki heyətində ən parlaq “ulduz” isə əslən ukraynalı İrina Kindzerskadır. Onun hesabında mundialda üçüncü yer, habelə “Böyük dəbilqə” turnirinin medalı var.

Xəbər 721 dəfə oxundu.