Azərbaycanın üç şahmatçısı Avropa çempionatında fərdi nəticələrinə görə mükafatlandırılıb
Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında birinci yeri tutan Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub.

Şahmatçılarımız Xorvatiyanın Novı Sad şəhərində keçirilən çempionatda növbəti dəfə qalib gəlməklə Azərbaycanın dövlət himninin qitə birinciliklərində üçüncü dəfə səsləndirilməsinə nail olublar.

Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında çempion idmançılarımızdan üçü - Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov də yer alıblar. Onların arasında ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib olub.

Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov isə gümüş medala layiq görülüblər. T.Rəcəbov yarışdan dərhal sonra başqa turnirə yollandığından, onun medalı komandanın kapitanı və məşqçisi Eltac Səfərliyə təqdim olunub.

Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.

Xəbər 886 dəfə oxundu.