Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalının açılışı olub
Noyabrın 3-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) təlim-məşq zalının açılış mərasimi keçirilib.

Açılış mərasimində ACF-in prezidenti Rövnəq Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, İcraiyyə Komitəsinin üzvləri, tanınmış idman mütəxəssisləri iştirak ediblər.

Zalın rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçılar yaradılan şəraitlə tanış olublar.

Nəfis dizaynda tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış Olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anları həkk edilən fotostendlər var. Ən müasir standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinələri yaradılıb. Cüdo zalında əsas milli komandamızla yanaşı, gənclərdən və qadınlardan ibarət yığmaların üzvləri də məşq edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verərək bildirib ki, burada tanınmış cüdoçularımızın iştirakı ilə kiçik yaşlı yeniyetmə idmançılara ustad dərsləri keçiriləcək.

Açılış mərasimindən sonra 2017-ci ildə cüdo idmanı üzrə görülmüş işlərin və əldə olunmuş nailiyyətlərin yekunları müzakirə olunub.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək son iki ildə əldə olunan uğurlardan danışıb. O, gələn ilin daha məhsuldar olacağını diqqətə çatdıraraq, mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Böyük dəbilqə” yarışının, sentyabrda isə dünya çempionatının Bakıda keçiriləcəyini vurğulayıb.

Sonra cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçiləri təqdim olunub. Kişilərdən ibarət əsas milli komandaya Olimpiya Oyunlarının mükafatçısı, Əməkdar İdman Xadimi ukraynalı mütəxəssis Ruslan Maşurenko, qadınlardan ibarət milliyə isə dünya və Avropa çempionu, Belarusun Əməkdar İdman Ustası adına layiq görülmüş, “Şöhrət” ordenli Natiq Bağırov başçılıq edəcək.

ACF-in baş katibi Elmar Babanlı 2017-ci ildə Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə cari ildə rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığı bildirilib. Qeyd olunub ki, bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri 37 beynəlxalq yarışda 189 medal qazanıblar. Bunlardan 68-i qızıl, 57-si gümüş və 64-ü bürünc medaldır.

Bildirilib ki, Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, idmançıların hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını nizamlayır, onlara öz diqqət və qayğısını əsirgəmir. Federasiyanın fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir neçə regional cüdo mərkəzinin açılışı baş tutub. Federasiya tərəfindən cüdo tatamiləri və kimano geyim dəstləri zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmənin istifadəsinə verilib. Bu iş qarşıdan gələn illərdə də müntəzəm davam etdiriləcək. Həmçinin ötən ay Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikamızın 7 bölgəsində iki yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlər çempionatları keçirilib. Bölgə idmançılarının böyük axınının müşahidə olunduğu regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaradıb. Bu yarışlara 47 şəhər və rayondan 2 mindən artıq yeniyetmə idmançı qatılıb. Qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar.

Yığıncaqda, həmçinin Əməkdar Məşqçi Ağayar Axundzadə çıxış edərək idmançılara və məşqçilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra Rövnəq Abdullayev 2017-ci ilin son aylarında yüksək nəticələrə imza atmış məşqçiləri, idmançıları hədiyyə və mükafatlarla təltif edib.

Azərbaycan milli komandasının kapitanı Elxan Məmmədov bütün cüdoçular adından Rövnəq Abdullayevə xatirə hədiyyəsi təqdim edib.

Xəbər 1151 dəfə oxundu.