İddiaçılar Turnirinin daha bir iştirakçısı müəyyən edilib
Planetin ən güclü şahmatçısı adı uğrunda silsilə yarışların təşkilatçısı “Agon” şirkəti İddiaçılar Turnirində iştirak etmək üçün “Wild Card”ı 14-cü dünya çempionu Vladimir Kramnikə təqdim edib.

Turnir 2018-ci il martın 10-dan 28-dək Berlində keçiriləcək. Turnirin qalibi şahmat tacının hazırkı sahibi – norveçli Maqnus Karlsen ilə dünya çempionu adı uğrunda oynamaq hüququ qazanacaq. Turnirdə FİDE reytinqi ən yüksək olan iki oyunçu, Qran-Pri seriyasının iki qalibi və dünya kubokunun qızıl və gümüş mükafatçıları qarşılaşacaqlar.

Beləliklə, həmin yarışda iki rusiyalı qrossmeyster – Vladimir Kramnik və Sergey Karyakin çıxış edəcəklər. Karyakin bu hüququ 2016-cı ilin dünya çempionu adı uğrunda final matçının iştirakçısı kimi qazanıb. Turnirin daha iki iştirakçısının adları da artıq məlumdur. Bunlar 2017-ci il dünya kubokunun finalçıları Din Lijen və Levon Aronyandır.

Bu dördlüyə 2017-ci il FİDE Qran-Pri seriyasının iki qalibi və FİDE reytinqi ən yüksək olan iki iştirakçı da əlavə olunacaq. Azərbaycanı təmsil edən iki qrossmeysterin – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da bu turnirdə iştirak etmək şansı var.

Vladimir Kramnik İddiaçılar Turnirinin təşkilatçılarına onun bu turnirdə iştirak etməsi barədə çıxardıqları qərara görə təşəkkürünü bildirib. Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov qeyd edib ki, rusiyalı şahmatçının bütün dünyada çoxlu pərəstişkarları var. 20 ildən çoxdur ki, o, dünyanın top-şahmatçılarından sayılır və Kramnikin iştirakı İddiaçılar Turnirinin daha maraqlı və intriqalı keçməsinə kömək edəcək.

İddiaçılar Turnirinin minimal mükafat fondunun həcmi 420 min avroya bərabərdir. 2018-ci ildə ilk dəfə olaraq turnirə biletlərin onlayn rejimdə satışı hesabına mükafat fondu 10 faiz artırılacaq.

İddiaçılar Turniri Berlinin mərkəzində, məxsusi olaraq bu şahmat matçı üçün hazırlanmış məkanda keçiriləcək. Biletlər noyabrın 4-də satışa daxil olacaq.

2016-cı ildə Moskvada keçirilmiş İddiaçılar Turnirinin qalibi Karyakin olub. Rusiyalı şahmatçı dünya çempionu adı uğrunda matçda tay-breykdə Karlsenə uduzub.

Xəbər 668 dəfə oxundu.