“Neftçi İdman Klubu”nun yetirmələri səmti müəyyən etmə üzrə yarışda dörd medal qazanıblar
Nabrandakı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə yarış keçirilib.

Dağ turizmi üzrə idman ustası Vyaçeslav Filippovun xatirəsinə həsr olunmuş ənənəvi turnirdə 100-ə yaxın idmançı mübarizə aparıb.

İki gün davam edən yarışda iştirakçılar dörd kateqoriya üzrə bacarıqlarını nümayiş etdiriblər. Elektron sistemin tətbiqi ilə təşkil olunan turnir beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

“Neftçi İdman Klubu”nun yetirmələri yarışda öz fəallıqları ilə seçiliblər və dörd medala sahib olublar. “K-21” kateqoriyasında Vladislav Tuzov bütün rəqiblərindən üstün olub və qızıl medala layiq görülüb. Süleyman Əliyev isə eyni kateqoriyada ikinci yeri tutub.

Qadınlar arasında “Elit” kateqoriyasında dəfələrlə Azərbaycan çempionu olmuş Nataliya Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Open” kateqoriyasında isə kişilər arasında klubun yetirməsi Fərid Qasımzadə bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb.

Xəbər 479 dəfə oxundu.