“Qəbələ”nin futbolçusu “Ateitis Cup” beynəlxalq turnirinin ən yaxşı yarımmüdafiəçisi seçilib
Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub.

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” komandası ilə görüşüblər.

Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyük hesablı qələbə qazanıblar – 4:0. Komandamızın qollarını Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurublar. Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub.

Futbolçumuz Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib.

Yarışın qalibi adına isə İtaliyanın “Atalanta” klubu yiyələnib. Litvanın Milli Futbol Akademiyası ikinci, Latviyanın “Dauqavpils” klubu isə üçüncü yeri tutub.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib, Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2, Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komandamız Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.

Xəbər 552 dəfə oxundu.