Sankt-Peterburq “Avro-2020”nin açılış oyununun bu şəhərdə keçirilməsinə iddia edir
Sankt-Peterburq 2020-ci ildə Avropa çempionatının açılış oyununun bu şəhərdə keçirilməsinə iddia edir.

Rusiya Federasiyasının Baş nazirinin müavini Vitali Mutkonun sözlərinə görə, Rusiya Futbol İttifaqı (RFİ) artıq bu barədə UEFA-ya ərizə ilə müraciət edib. O deyib: “Biz ərizə verib (“Avro-2020”nin açılış oyununun keçirilməsinə) Peterburqu təklif etdik. Biz bütün şəraiti yaratmağa hazırıq. Peterburq azarkeşləri buna layiqdirlər. Stadion fantastikdir, onu çox tənqid ediblər, lakin indi dünyanın ən yaxşılarından biridir”.

2020-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının oyunları 13 şəhərdə keçiriləcək. Oyunlar Sankt-Peterburq (Rusiya), Bakı (Azərbaycan), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Niderland), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) təşkil ediləcək.

2017-ci ilin yanvarında Sankt-Peterburqda keçirilən təntənəli mərasimdə şəhərin loqotipi futbol üzrə Avropa çempionatının oyunlarının ev sahibi kimi təqdim edilib. Açılışda UEFA-nın prezidenti Aleksander Çeferin, RFİ-nin başçısı Vitali Mutko, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko, həmçinin sovet futbolunun veteranları iştirak ediblər.

Saray körpüsü loqotipin bir hissəsi seçilib. Sankt-Peterburqda qrup turnirinin üç oyunu və “Avro-2020”nin dörddəbir finalı keçiriləcək. Oyunları bu il Krestov adasında tikilən stadion qəbul edəcək.

Xəbər 720 dəfə oxundu.