Poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatına yekun vurulub
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə paytaxt çempionatı keçirilib.

Tədbirin məqsədi çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasıdır.

17–19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 və 1000 metr məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma növlərindən ibarət olub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Xətai rayonunun komandası birinci olub. Nərimanov rayonunun təmsilçiləri yarışı ikinci, Yasamal rayon komandası isə üçüncü pillədə başa vurublar.

Şəxsi hesabda Qadir Məmmədov (Binəqədi rayonu) qızıl, Səlimxan Əhmədov (Nərimanov rayonu) gümüş, Hacı Axundzadə (Xətai rayonu) isə bürünc medal qazanıblar.

Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 512 dəfə oxundu.