Qusarlı yeniyetmələr “Açıq əyləncəli futbol məktəbi” layihəsində
Oktyabrın 24-də Qusar Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirinə 150-dək uşaq və yeniyetmə cəlb olunub.

Layihə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi və Qusar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Azər Badamov, Qusar Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar.

Layihə çərçivəsində ölkəmizdə yaradılan açıq əyləncəli uşaq futbol məktəbləri 2004-cü ildən fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları, həmçinin hədiyyələr təqdim olunub.

Sonra xüsusi idman forması geymiş tədbir iştirakçıları estafet, driblinq, topun ötürülməsi və s. hərəkətlər yerinə yetiriblər.

Xəbər 549 dəfə oxundu.