Tarixi qələbəni yenə hakim oğurladı
Çempionlar Liqasında ilk xal da qazanıldı


Dövlət müstəqilliyinin qeyd edildiyi bayram ovqatlı gün "Qarabağ" Azərbaycan futboluna daha bir tarixi yenilik gətirdi.

Çempionlar Liqasında birinci xal qazanıldı. Özü də bu xal ən layiqli oyun və futbol marşı, ən lazımlı temp və tərz, taktiki və texniki cəhətdən düzgün qurulmuş oyun planı ilə qazanıldı. Buna görə də bu tarixi xal daha əhəmiyyətlidir, daha proqressivdir və gələcək üçün, mübaliğəli-mübaliğəsiz, kapital qoyuluşu da hesab oluna bilər. Fəqət hələ püşkatma mərasimində də qeyd etdiyimiz kimi "Qarabağ" Avropanın oyun üslubu ilə bir-birindən kəskin şəkildə fərqlənən güclü və nüfuzlu rəqibləri ilə üz-üzədir ki, bir oyunda əldə olunan nəticə digər oyun üçün etibarlı olmayacaq. Ona görə də bu tarixi xalın verdiyi psixoloji üstünlüklə, özünəinam və etimad fonunda artıq taktiki və starteji düşüncə tərzini dəyişməyə başlamaq lazımdır. "Qarabağ"ın bu mərhələdə çıxışının qiyməti də bu toplananların cəmindən asılı olacaq və təsiri də onun miqyası ilə ölçüləcək. Çünki belə təkcə toplanılan ilk xal deyil, ondan da əfzəl ortaya qoyulmuş oyun tələbləri - yeni şərtləri irəli sürüb.
Qarşıdakı dövr üçün bu yarışda komandanın ilk uğurlu cəhdi - son oyunun dərslərinə nəzər salaq. Əslində, bu xalı və ya xalları "Qarabağ" elə ilk oyunda qazanmalı idi. Bu barədə geniş söhbət açdığımızdan, keçmişin xatırlatmalarına yüklənmədən irəli baxaq. Bir qədər obyektiv olsaq, bu görüşdə qazanılmış xalı təkcə "Qarabağ"ın hünəri kimi qeyd etmək doğru olmaz. İlk öncə rəqibin oyununun alınmaması, ələlxüsus ön xətdə quruculuğun pərən-pərən düşməsini qeyd edə bilərik. Çünki onlar fərqli planlı oyun tərzinə yüklənmədən "Qarabağ"ı istənilən halda bir top fərqilə üstələyə biləcəklərinə inanırdılar. Bununla da ədalətin ən minimal cəzasına məhkum edildilər. Rəqib qapıya ilk zərbəsini az qala yarım saatın, yəni oyunun üçdə birinin tamamına yaxın vurursa, deməli, problemləri kifayət qədər idi. Bunu əvvəlki oyunun icmalında xüsusi vurğulamışdıq.

Əlbəttə, rəqib bu qədər yanıldısa, deməli, bu tək özünün "hünər"i deyildi, "Qarabağ"ın futbolçularının əməyi, düzgün taktiki seçimi, hədəflərin strateji doğru istiqaməti də az deyildi. Komanda, əlbəttə, yenə də müdafiə oyununa yüklənmişdi. Amma indi bu zolaq bir qədər irəli çəkilməklə, həm də orta xətt oyunçularının, eyni zamanda hücuma meyilli oyunun fəal forması xal zəfərində az rol oynamadı. Məhz buna görə ilk dəfə "Qarabağ"ı 90 dəqiqə ərzində meydanda fəal və hərəkətli gördük.

Hətta ikinci hissənin əvvəlində topla oyun, əslində, oyunu idarəetmədə "Qarabağ"ın rəqibindən 4 faiz yüksəkdə olması bu hərəkətliyin, öz qapısı ağzına, sadəcə, yumaq kimi yığılmamasının nəticəsi idi. Ümumiyyətlə, oyunun statistikasında bərabər bir mənzərənin görünməsi bu tarixi xalın əhəmiyyətini bir qələbə qədər yüksəklərə qaldırır. Ötürmələrdə 83 faizlik dəqiqlik (rəqibdə - 85%) ilk növbədə, futbolçuların səliqəli oyununa işarədir. Belə olanda, autsayder sayılan komandalar, əksərən, qələbə də qazanmağa yaxın olurlar. "Qarabağ" rəqib qapısının çərçivə ölçülərindən kənara çıxmayan ilk zərbəni bir saatlıq oyundan sonra vursa da, əslində, bir neçə epizodda, lap ifratı ilə konkretləşdirsək, iki dəfə fərqlənməli idi. Birincisində Ndlovuya qırmızı vərəqə verən hakim özü "fərqləndi". Cərimə meydançasında rəqib futbolçu, əməli olaraq, futbolçumuzla kobud oynamışdı. Bunu təkrarsız-filansız da istənilən hakim dəqiq qiymətləndirməlidir. Çünki futbolda qayda pozuntularının özünün toplusu var və onu öyrənənlər simulyasıyanın mümkün civarını müəyyən edə bilirlər. Üstəlik, guya ki, ədaləti təmin edən fransalı hakim elə bir mövqedə idi ki, vəziyyətə tam doğru qiymət verə bilərdi. Nə üçün bunu etmədi? Birinci səbəb kimi, həmin anda rəqib qapısına təyin edilən penaltinin, əməli olaraq, oyunun taleyini həll edəcəyindən çəkinməsi göstərilə bilər. Çünki elə oyunun bütün gedişi boyunca hakim rəqibin nüfuzunun təsiri altında idi - belə gərgin matçda "Atletiko"ya qarşı bir səhv UEFA-da mövqeləri güclü olan ispan futbolunun qəzəbinə tuş gələrdi. Məncə, Fransadan deyil, Avropanın şərqindən olan istənilən hakim buna göz yummazdı və qətiyyət göstərərdi. Buna görə həmin epizodda hakimin obyektivliyi şübhə doğurur. Bütün matç boyu daha çox qonaqlara qarşı oyunu ciddi nəzarətdə saxlayan hakimin kifayət qədər xırda-para (əslində, nəticəyə təsir etməsə də, dolayısı oyunun məcrasını dəyişən) səhvləri, psixoloji natamamlığı müşahidə edilirdi. Elə təkcə Ndlovuya verilən ilk sarı vərəqənin də tam ədalətsiz olmasını və xatircəmlik olduğunu qeyd edə bilərik. Açığı, müşahidə təcrübələrim matçboyu mənə pıçıldayırdı ki, bu xətaları ilə hakim ev sahiblərinin ipini əlinə almaq məqsədini güdürdü. İkinci səbəb kimi, həmin epizoda qədər Ndlovunun artıq bir dəfə simulyasiya ilə hakimdən penalti istəməsini qeyd edə bilərik. İstənilən hakim belə futbolçulara bir az sayğısız olur, yalnız ifrat qayda pozuntusunda cəza verirlər. Filippo İnzagi kimi simulyasiya mahirləri isə meydanda nadir hadisələrdir. Üçüncü və ən acınacaqlı səbəb elə futbolçunun özüdür. Onun sanki teatr səhnəsində olduğu kimi, özünü yerə obrazlı şəkildə nümayişkaranə atmasını da heç anlamaq olmadı. Bəlkə hakimin qərarına elə bu hoqqabazlıq məharəti də təsir etdi. O, sadəcə, badalaq istiqamətində yerə yıxılsaydı, məncə, ən vicdansız hakim belə buna reaksiya verərdi. Bir sözlə, Avropa Liqasının "İnter"lə qarşılaşmasını xatırlayanlar bir daha hakim qərəzinin nə olduğunu anladılar. Bu Avropanın təbii qanunudur. Bunu hər dəfə belə mötəbər yarışlara vəsiqə qazanan tanınmamış bir çox klublarda müşahidə etmişik. Hətta böyük hesablarla qalib gəldiyi hallarda belə hakim ədalətsizliyinin kifayət qədər nümunələrini sadalaya bilərik. Ona görə də bundan təəssüflənib kədərlənməyə dəyməz. Çünki 10 nəfərlə tam müdafiə olunan "Qarabağ" daha bir şansını Əlyunisi matçın sonlarında qaçırdı. Əlbəttə, onu da günahlandırmaq olmaz. Çünki həmin vaxt artıq hər kəs tarixi xalı qazanmaq üçün oyunun sona çatdırılmasına köklənmişdi. Lakin təcrübəli və öyrəncəli futbolçu həmin anda topu pəncə üstünə oturtmağı tam hesablamalıdır. Üstəlik, bunun üçün onun kifayət qədər vaxtı var idi. Bunu yerli futbolçulardan hansısa etsəydi, təcrübəsizliyə, hiss-həyəcana bağlamaq olardı. Lakin dünyagörmüş futbolçu üçün bu mənfi hal sayılır.

"Qarabağ"ın inamlı, savadlı və etibarlı müdafiəsini təşkil edən cəhətlərə bir daha diqqət edək. UEFA-nın statistik göstəricilərində, "Qarabağ"ın 455 ötürməsi qeyd olunur, rəqibin isə 509 - aradakı fərq o qədər də böyük deyil. Qeyd etdiyimiz kimi, bu ötürmələrin 85 faizi dəqiq olubsa, deməli, böyük ölçüdə qorxudan, hiss-həyəcandan söhbət gedə bilməz. Əksinə, düşünülmüş və oyunçuların bir-biri ilə anlaşıqlı hazırlığından bəhs edərək, bunun müsbət-mənfiləri araşdırmalıyıq. Bu mənada "Qarabağ"ın orta xəttini təşkil edən qüvvənin çatışmazlıqları var. Xüsusən cinahlardan normal hücum qurmaq üçün fursət ələ düşdüyü vaxt və həm də icraçıların davranışı məşqlərdə yonulmalıdır. Bu istiqamətdə məşqçi korpusunun hələ özünün də öyrənib tətbiq edəcəyi çox şeylər aydın sezilir. İlk növbədə, sürətli əks-hücum barədə komanda yetərincə düşünməmişdi. Hərçənd hələ də özünü axtaran Mahirin də dəstəyi ilə Pedru və Ndlovu üçün plan qurulmalı idi. Deməzdim cəhd yox idi, lakin elementar nümunələr "Qarabağ"ın nələr itirdiyini əyani nümayiş etdirdi. Bu səbəbdən məşq dövründə bunun üzərində çox çalışmalı olan Azərbaycan çempionu diaqonal və en kəsiyi ötürmələrinə də diqqət etməli və bu səpkidə əyani vəsaitləri, məncə bu halda Lobanovskinin heç vaxt köhnəlməyəcək metodikasına əl atmalıdır. Ümumiyyətlə, bununla bağlı bizim də öz Ruslan Abdullayevimizin təcrübəsi olub. Təəssüf ki, Lobanovskidən fərqli, onun bu taktiki özəllikləri kağız üzərinə köçürülməyib. Lakin Qurban Qurbanov üçün həmin dərsləri xatırlamaq çətin olmaz. Bir sözlə, əl altında nümunələr və vəsait kifayət qədərdir.

"Qarabağ"ın daim hərəkətli olmasını, heç oyunu təhlil etmədən, UEFA-nın daha bir statistik göstəricisinə söykənib söyləmək mümkündür. Komanda oyun ərzində 107 km-dən artıq məsafə qət edib (müqayisə üçün rəqibdə bu rəqəm 111 km-ə yaxındır). Əlbəttə, ötürmələrin faizi yüksək olanda, bu rəqəmlər aşağı düşə bilməz. O da doğrudur ki, son 10 dəqiqə üçün yalnız müdafiəyə köklənmiş komandanın yorğunluğu müşahidə edilirdi. Məhz belə oyun üçün komandasını daha yaxşı tanıyan məşqçinin seçimi müzakirə olunmasa da, məncə, əvəzləmələrdə daha fərqli qərarlar verilməli idi. Əlbəttə, Ndlovunun itrildiyi halda Ramil Şeydayev barədə düşünmək bir qədər ağır gəlir. Lakin məşqçi bununla, məncə, heç risk də etmirdi. Çünki Ramilə, yalnız fəal olmaq - daim hərəkətdə olmaq tapşırılsaydı, məncə, daha fərqli sonluq müşahidə etmək mümkün idi. Əfranı variant kimi irəli sürmək olar. Hərçənd əhval-ovqat təsirli olan bu futbolçunun həmin an - məhz oyunun gedişində oyun kondisiyası barədə daha ətraflı məlumatım olmadığından bu barədə daha ətraflı söz açmaq olmur.

Əlbəttə, görüşlə bağlı daha bir məsələni vurğulamaq lazımdır. Bu səviyyədə qarşılaşma üçün kompleks yanaşma tərzinə diqqət etmək lazımdır. Yenə quruculuqda çatışmazlıqlar həddən ziyadə idi. Arxa xətdə hər şey əvvəlki matçlarla müqayisədə daha dolğun və tam idisə, əks-hücum və yaxud irəli yönəlmiş planda yenə əyər-əskikliklər göz önündə idi. Komandanın bu mənada faydalı iş əmsalı çox yox, 10-ca faiz artıq olsaydı, nailiyyətlərə doğru ən real addımlar atılardı. Əlbəttə, bütün bunlar Azərbaycan çempionunun cari qarşılaşmadakı əskikləri kimi yozulmamalıdır. Bu oyundan-oyuna komandaya artan tələblərin tərkib hissəsi kimi təşviq-təbliğ mövqeyidir. Yüksəlişin yeganə yolu da budur. Çox uzaqda deyil, Rusiyada "Spartak"ın Romantsevli hegemonluğu dövrünü - 90-cı illərdə Qurban Qurbanovun da çox yaxşı xatırlayacağı illəri xatırlamaq yetər. "Ağ-qırmızılar"ın iflasa aparan səbəblərdən və nəticələrdən indi bəhrələnmək olar.

Bu isə komandanın ölkə daxilində ciddiyyətini əldən vermədiyi halda və özünü rəqiblərinin səviyyəsi ilə qiymətləndirmədiyi halda mümkündür. Bundan savayı, çempion artıq öz gələcək planını indidən müəyyən etməlidir. Göründüyü kimi, hər görüş üçün yanaşmamız, əsasən, gələcəyə köklənmiş notlara yüklənir. Bu, futbolumuzun inkişafı naminə ələ düşən fürsəti dəyərləndirmək istəyindən irəli gəlir.

Əlbəttə, hələ söz açacağımız məqamlar, xüsusən oyun və taktika, funksional planla bağlı deyiləsi sözlər çoxdur. Fəqət, qarşıda "Qarabağ"ı çox mürəkkəb bir dövr gözləyir. Bu matçdan sonra ortaya çıxan itkilər, xüsusən Ndlovunun yoxluğunda komandanı izləmək çox maraqlıdır. Bu, "Qarabağ" üçün yeni şans və yeni fürsətin qapısıdır. Artıq Qurban Qurbanovun bilik və bacarığını bir sükançı kimi tam parlaqlığı ilə ortaya qoyması və idarəedici qiymətini alması üçün qarşıdakı matç çox önəmlidir. Öndəki sınaq onun əlində olan oyunçu potensialını necə dyərləndirəcəyini bir daha əyani nümayiş etdirəcək. Amma bir həqiqət var: komanda Madridə bir qədər fərqli taktika ilə çıxmalıdır. Bunun üçün "Atletiko"nun evində "Çelsi"yə məğlub olduğu matçla yanaşı, La Liqada "Sevilya", ələlxüsus da "Malaqa" ilə qələbə qazandığı ev qarşılaşmaları da mütləq nəzərdən keçirilməlidir. Artıq çempion üçün çoxdan gözlənilən qığılcım var. Bundan sonra əldə olunmuş inam hissi ilə, irəliləmək, rəqiblərə çox sürprizlər etmək mümkündür - yol açıqdır, böyük hesablı məğlubiyyətin də nə olduğunu bilən komanda üçün, əslində, itiriləcək çox şey də yoxdur.

Əlbəttə, sonda bir məsələni də unutmaq olmaz. Türkiyənin "Sabah" qəzetində dərc olunmuş bir guşə yazısında özünü ağıllı və savadlı sayan bir qanacaqsızın klubun azarkeşlərinin "Qarabağ" sözünün hər hərfi A4 formatlı bir kağızda olub fayllara yerləşdirilməklə dəstəyinin ifadəsinə ikrah hissi ilə "onlar da öyrənəcəklər" deməsinə ölkəmizdə, xüsusən sosial şəbəkələrdə üsyana səbəb oldu. Əslində, matçlarda komandaya dəstəyin təşkili ilə bağlı hələ ilk ev oyunundakı icmalımızda çox şey demişik. Klub rəhbərliyinin bu mənada vaxtında görmədiyi tədbirlər, görüləsi işlər çoxdur. Lakin məhz həmin yanaşması ilə özünü yazar adlandıran bir zad, deyəsən, qanacaq-mərifəti, təlim-tərbiyəsi bir kənara, tarixin bir dövrünü də unudub. Əgər o, Türkiyənin çox irəlidə olduğunu güman etsə də, təkcə bizim azarkeşlərin deyil, elə jurnalistikamızın da onlardakı kimi klub təsirləri dairəsinə parçalanaraq, əsli-zatını unudub hər şeyi, sadəcə, əyləncə olan futbol standartları ilə ölçməsini mən heç arzulamazdım. Hərçənd ölkədə buna yuvarlanma istiqaməti də var. Türkiyə mətbuatı da, azarkeş mədəniyyəti də hələ özü aparıcı, hər hansısa sivil standarta hələ tam cavab vermədiyi halda bu həqarətdən, onun naşiri üçün yaramazlıqdan başqa bir şey deyil.


Xəbər 1960 dəfə oxundu.