Xızıda şəhid Ravil Novruzovun xatirəsinə həsr olunan güləş turniri keçirilib
Xızı rayonunda aprel döyüşləri şəhidi Ravil Novruzovun xatirəsinə həsr olunan yeniyetmə və gənclərin iştirakı ilə sərbəst güləş turniri keçirilib.

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin reallaşdırdığı “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” layihəsi çərçivəsində təşkil olunan turnirin iştirakçıları əvvəlcə şəhidin Xızı rayonunun Güləzi qəsəbəsindəki məzarını ziyarət ediblər.

Layihə rəhbəri Ramin Mahmudov aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı zəfərinin əhəmiyyətindən danışıb, gənclərə Vətənin igid övladlarının qəhrəmanlığı barədə məlumat verib. Vurğulanıb ki, turnirin məqsədi gənc nəslə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın igidliklərini təbliğ etməklə onların xatirəsini daim yaşatmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir.

Şəhidin atası Elman Novruzov övladının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib, övladının Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu vurğulayıb.

Digər çıxışlarda da belə tədbirlərin və yarışların gənc nəslin vətəpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə verdiyini qeyd ediblər.

On çəki dərəcəsi üzrə keçirilən sərbəst güləş yarışlarının qaliblərinə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. İştirakçılara layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər paylanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihə çərçivəsində, həmçinin Qusar və Şabran rayonlarında cüdo, Quba rayonunda isə atıcılıq yarışlarının və gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

Xəbər 1182 dəfə oxundu.