Nail Bəşirli Çiqorin Memorialının liderləri qrupundadır
Sankt-Peterburqda Mixail Çiqorinin xatirəsinə həsr edilmiş 24-cü şahmat festivalı başlanıb. Rusiya Kubokunun bir mərhələsi sayılan bu memorialda Azərbaycan şahmat məktəbinin nümayəndələri də iştirak edir.

Mükafatlar uğrunda dünyanın 25 ölkəsindən 256 şahmatçının mübarizə apardığı yarış proqramı blits-turnirlə başlanıb. 17 qrossmeysterin və 46 beynəlxalq dərəcəli ustanın iştirak etdiyi bu turnirdə Özbəkistandan olan beynəlxalq usta Nodirbek Yakubboyev qalib gəlib. İkinci yeri rusiyalı Sənan Syüqirov, üçüncü yeri 16 yaşlı Hindistan nümayəndəsi Rameş Vayşali tutub.

Klassik vaxt nəzarəti ilə təşkil edilmiş yarışlarda iyirmidən çox ölkədən 372 şahmatçı, o cümlədən 40 qrossmeyster və 38 beynəlxalq dərəcəli usta iştirak edir.

Turnirdə Azərbaycanı qrossmeyster Azər Mirzəyev, FIDE ustaları Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Rəvan Əliyev, Altay Eynullayev, ustalığa namizədlər Aydın Süleymanlı, Ümid Aslanov, beynəlxalq ustalar Nail Bəşirli və Nərmin Məmmədova, həmçinin Elmar Atakişiyev, Rasim Əliyev, Xəzər Babazadə, Atilla Eynullayev, Nihad Mustafayev, Emin Xəlilov, Fikrət Mustafazadə və Əhəd Əli təmsil edir.

Çiqorin memorialında iki turdan sonra hərəsi iki xal toplamış 61 oyunçu, o cümlədən Nail Bəşirli irəlidədir. Aydın Süleymanlı da daxil olmaqla 56 şahmatçının hərəsinin aktivində 1,5 xal var, digər Azərbaycan şahmatçıları - Azər Mirzəyev, Altay Eynullayev, Elmar Atakişiyev və Emin Xəlilov hərəyə 1 xal toplayıb.

Xəbər 538 dəfə oxundu.