Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə yeniyetmələr arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək, Dövlət Müstəqilliyi Günü haqqında idmançılara geniş məlumat verib, onlara yarışda uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev isə çıxışında yarışın keçirilmə məqsədi və qaydaları haqqında danışıb.

Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Babək, Ordubad və Şərur rayonlarının idmançıları da qüvvələrini sınayıblar.

Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 23 çəki dərəcəsində 60-a yaxın boksçu mübarizə aparıb.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 525 dəfə oxundu.