Azərbaycanın gənc ağır atletləri Avropa çempionatının ilk günündə 2 medal qazanıblar
Oktyabrın 15-də Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, yarışın ilk günündə 20 yaşlı idmançıların mübarizəsində gənc atletlərimiz iki bürünc medal qazanıblar.

Əvvəlcə Kənan Xəlilov (62 kq) birdən qaldırma hərəkətində 123 kiloqramı ram edərək bürünc medal qazanıb. O, təkanla qaldırmada 133 kiloqramın öhdəsindən gələrək 7-ci olub. Atletimiz iki hərəkətin cəmində 256 kiloqramlıq (123+133) nəticə ilə 6-cı yeri tutub.

Məhəmməd Məmmədli isə təkanla qaldırmada 148 kiloqramın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. Birdən qaldırmada isə atletimiz 115 kiloqramı ram edib və bu hərəkətdə 6-cı olub. İki hərəkətin cəmində 263 kiloqramlıq (115+148) nəticə göstərən M.Məmmədli ümumi nəticədə 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, oktyabrın 22-dək davam edəcək yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) mübarizə aparır.

Xəbər 1407 dəfə oxundu.