Bu gün Avropa Kubokunun qalibləri müəyyənləşəcək
Antalyada keçirilən kişilərdən və qadınlardan ibarət klub komandaları arasında Avropa Kubokunun finişinə bir tur qalmış yeganə liderlər meydana çıxıb. Lakin bir neçə komanda bir dəfəyə həm mükafatçı üçlüyə düşmək, həm də turnirdə qələbə qazanmaq şanslarını qoruyur.

Kişi şahmatçılarının komanda yarışında Azərbaycanın “Odlar Yurdu” Klubu irəlidədir. O, bir gün əvvəl Rusiyanın “Mednıy vsadnik” komandasına minimal hesabla (3,5:2,5) qalib gəlib. Bu matçda Azərbaycan komandasına qələbəni ağ fiqurlarla oyunda Vladimir Fedoseyevə qalib gələn Qədir Hüseynov qazandırıb. Arkadi Naydiç-Pyotr Svidler, Rauf Məmmədov-Maksim Matlakov, Eltac Səfərli-Nikita Vityuqov, Nicat Abbasov-Maksim Rodşteyn, Azər Mirzəyev-Aleksey Qoqanov öz aralarında sülh bağlayıblar.

Eyni zamanda, başqa lider – turnirin reytinq-favoriti sayılan Novosibirskin “Qlobus” komandası Makedoniyanın “Alkaloid” komandasını məğlub edə bilməyib – 3:3. Moskvanın “ШСМ Legacy Square Capital” yığması altıncı turda minimal hesabla (3,5:2,5) İsrailin “Beer Sheva” komandasından üstün olub.

Altı turdan sonra “Odlar Yurdu”nun 11, “Qlobus”un 10 xalı var. Dörd komanda – “Alkaloid”, “AVE Nový Bor”, “ШСМ Legacy Square Capital”, “Csm Baia Mare” hərəyə 9 xal yığıblar.

Bu gün keçiriləcək liderlər qrupunun sonuncu turunda “AVE Nový Bor”–“Odlar Yurdu”, “Qlobus”–“ШСМ Legacy Square Capital”, “Alkaloid”–“Csm Baia Mare” komandalarının qarşılaşması olacaq.

Qadın komandalarının turnirində Gürcüstanın “Chess Club NONA Батуми” komandası 10 xal qazanaraq irəli çıxıb. Altıncı turda o, Moskvanın yığma “ШСМ Legacy Square Capital” komandasına 3:1 hesabla qalib gəlib.

İki favorit komandanın – “Odlar Yurdu” və Rusiyanın “Yuqra” komandalarının oyunu heç-heçə (2:2) ilə başa çatıb. Baira Kovanova Aydan Höcətovaya uduzub, Olqa Girya Xanım Balacayevaya qalib gəlib, Anna Uşenina-Zeynəb Məmmədyarova və Natalya Poqonina-Ülviyyə Fətəliyeva isə heç-heçə oynayıblar. Bu turda Belarusun “Bossa Nova” komandası Türkiyənin güclü komandalarından biri sayılan “Anatolia”nı 3:1 hesabla məğlub edib.

Finişə bir tur qalmış vəziyyət belədir: “Nona” - 10, “Odlar Yurdu” - 9, “Yuqra”, “Bossa Nova” hərəyə 8, “Cs Studentesc Medicina Timisoara” - 7, “ШСМ Legacy Square Capital” – 6 xal və s.

Yeddinci turun həlledici matçları bu gün oynanılacaq.

“AVE Novi-Bor”-“Odlar Yurdu” matçında Radoslav Voytaşek-Arkadi Naydiç, Pentala Harikrişna-Rauf Məmmədov, David Navara-Qədir Hüseynov, Markus Ragger-Eltac Səfərli, Krişnan Saşikiran-Nicat Abbasov və Viktor Lazniçka-Azər Mirzəyev qarşılaşacaq.

Qadınların “Odlar Yurdu”-“Marmara” yarışmasında Zeynəb Məmmədyarova-Duru Okuyaz, Ülviyyə Fətəliyeva-Sila Çağlar, Gülnar Məmmədova-Sudə Xərəklioğlu və Xanım Balacayeva-Ese Ozbay mübarizə aparacaqlar.

Xəbər 673 dəfə oxundu.