“Zirə” komandası doğma meydanda “Kəpəz”ə qalib gəlib
Oktyabrın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Zirə” komandası “Kəpəz”i qəbul edib.

Zirə Olimpiya İdman Kompleksində keçirilən oyunun ilk hissəsində hesab açılmayıb.

Görüşün 47-ci dəqiqəsində “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə fərqlənib. On dörd dəqiqə sonra T.Xəlilzadə dublunu rəsmiləşdirib. Görüşün 76-cı dəqiqəsində Riçard Qadze üçüncü topu Gəncə təmsilçisinin qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun növbəti oyunları çərçivəsində bu gün “Sumqayıt” komandası “Qəbələ”ni, bir gün sonra isə “Səbail” “Neftçi”ni qəbul edəcək.

Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” liderlik edir. Hesabında 18 xal olan “Zirə” ikinci, 13 xalla “Qəbələ” üçüncü, 10 xalla “Sumqayıt” dördüncü, 8 xalla “İnter” beşinci pillənin sahibidir. Turnir cədvəlində altıncı pillədə “Səbail” (6 xal), yeddinci sırada “Neftçi” (4 xal) və sonuncu yerdə isə “Kəpəz” (4 xal) qərarlaşıblar.

Xəbər 584 dəfə oxundu.