Universiadada fərqlənənlər mükafatlandırıldılar
Sentyabrın 14-də Gənclər və İdman Nazirliyində Çinin Taypey şəhərində keçirilmiş XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərən Azərbaycanın idmançılarına və onların məşqçilərinə təyin olunan mükafatlar təqdim edilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov cüdo, taekvondo və atletika yığmaları üzvlərinin çıxışlarını yüksək qiymətləndirib. Nazir universiadada nəticələrimizin ildən-ilə yüksəldiyini vurğulayıb: "Üç qızıl, bir gümüş və dörd bürünc medal yüksək nailiyyətdir. Universiada gənclərin turniridir. Bu da xüsusi önəm daşıyır. Qarşıda həm Azərbaycanda, həm də xaricdə beynəlxalq yarışlar var. Həmin turnirlərdə də yüksək nəticələr əldə etməliyik".

Azad Rəhimov Prezident İlham Əliyevin sentyabrın 8-də Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb. Bildirib ki, hər dəfə beynəlxalq yarışlarda uğur qazanan idmançı və məşqçilər dövlətimizin başçısı tərəfindən mükafatlandırılır. Bu dəfə də universiada üçün mükafat ayrılıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə universiadada medal qazanan idmançıların çoxunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etdiyini diqqətə çatdırıb. O, Taypeydə uğur qazananların Tokio-2020-də də yüksək nəticələr göstərəcəklərinə inandığını vurğulayıb.

Daha sonra mükafatlar idmançılara və onların məşqçilərinə təqdim edilib.


Xəbər 1589 dəfə oxundu.