Bakıda “Olimpiya Gündəliyi-2020”yə dair seminar-konfrans işə başlayıb
Oktyabrın 3-də Bakıda Avropa Milli Olimpiya akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya hərəkatının gələcəyi” mövzusunda seminar-konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Akademiyaları Assosiasiyasının prezidenti, professor Manfred Leammer, vitse-prezidenti və Ukrayna Olimpiya Akademiyasının prezidenti, professor Mariya Bulatova, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının (MOA) direktoru Ağacan Abıyev iştirak ediblər.

Tədbiri açan A.Abıyev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. A.Abıyev, həmçinin ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində həyata keçirilən layihələrdən söhbət açıb.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə tədbirdə çıxış edərək Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması, ölkəmizin müstəqillik illərində əldə etdiyi idman uğurları, respublikamızda Olimpiya hərəkatının inkişafından danışaraq deyib: “Azərbaycan Olimpiya ideyalarına sadiq ölkədir. Gələn il ölkəmizdə Milli Olimpiya Akademiyasının yaranmasının 20 illiyi qeyd olunacaq. Beynəlxalq və Avropa Olimpiya komitələri Azərbaycana çox böyük dəyər və qiymət verir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB, Baltikyanı ölkələr və Gürcüstanın Milli Olimpiya Komitələrinin Forumu və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası ölkəmizdə təşkil olunub. Bu da Azərbaycanda Olimpiya hərəkatının inkişafından xəbər verir. MOK-un 25 illik yubileyi münasibətilə silsilə tədbirlərə MOA-nın seminarının daxil olması da təsadüfi deyil. MOK Olimpiya hərəkatı, xüsusilə “Olimpiya Gündəliyi-2020”nin təbliği ilə fəal şəkildə məşğuldur. Buna görə də MOK-da “Olimpiya Gündəliyi-2020” Komissiyası işə başlayıb. Bu ilin əvvəlindən Komissiya “İdman hamı üçün”, “Gender bərabərliyi” şüarları altında səmərəli fəaliyyət göstərir”.

Sonra Manfred Leammer “Pyeongchang-2018 Qış Olimpiya Oyunları: Milli Birliyə addım” Koreya ümidləri və alman təcrübəsi”, Mariya Bulatova isə “Uğurlu Olimpiya idman siyasəti: keçmiş və gələcək”, Ağacan Abıyev “Olimpiya dəyərləri: Yeni qlobal mədəniyyətin əsası” mövzularında məruzələrlə çıxış ediblər.

Oktyabrın 5-dək davam edəcək tədbir çərçivəsində Olimpiya hərəkatı və oyunları, Olimpiya dəyərləri haqqında məruzələr dinləniləcək. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olimpiya idmanında elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədini daşıyır.

Seminar–konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyidir. Sonda ən yaxşı üç məruzənin sahibi mükafatlandırılacaq. Oktyabrın 3-4-də məruzələr dinləniləcək və Avropa Olimpiya Akademiyaları Assosiasiyasının təşəbbüs iclasları keçiriləcək.

Xəbər 1530 dəfə oxundu.