Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb
Sentyabrın 29-da Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb.

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbirə 15 ölkənin Milli Olimpiya Komitəsini təmsil edən 50-yə yaxın nümayəndə qatılıb. Forumda birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin təşkilində qarşılıqlı fəaliyyət, beynəlxalq idman qurumları çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Forumun açılışında çıxış edən Avropa Olimpiya Komitələrinin (AOK) icraçı prezidenti Janez Koçijançiç Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ölkəmizin zəngin idman ənənələrinə sahib olduğunu deyən J.Koçijançiç forumda maraqlı mövzuların müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dünyada idman sahəsində əldə etdiyi uğurlarla fərqlənir. Ölkənin zəngin adət-ənənəsi, yüksək təşkilatçılıq qabiliyyəti və idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi üçün geniş imkanlar açır. Beynəlxalq qurumlar da bunu nəzərə alaraq belə yarışların təşkilini tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Bu inkişaf Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinin geniş qeyd edildiyini bildirib. Nazir atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızda Olimpiya hərəkatının inkişafından söhbət açıb. Vurğulayıb ki, ötən müddətdə MOK Azərbaycanda Olimpiya hərəkatının inkişafında xüsusi rol oynayıb. Dövlətimizin başçısı İlham Əliyev artıq 20 ildir Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışır. Bu baxımdan ölkəmizdə iki əlamətdar hadisənin ildönümləri qeyd edilir.

Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində respublikamızda idmançılar üçün hər cür şəraitin yaradıldığını, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edən A.Rəhimov deyib: “Ölkəmizin idman uğurları həmişə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası və Formula-1 yarışları müvəffəqiyyətlə təşkil olunub. Hazırda Azərbaycan Gürcüstan ilə birgə qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edir. Milli komandamız isə uğurla çıxış edərək azarkeşlərimizi sevindirir”.

Forumun əlaqələndiricisi, Rusiya Olimpiya Komitəsinin təşkilat idarəsinin rəhbəri Yuri Yurev forumun gündəliyinə maraqlı mövzuların salındığını bildirərək, Olimpiya hərəkatının inkişafına xidmət edəcək belə mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra forum işini plenar iclaslarla davam etdirib.

Birinci plenar iclasda “Azərbaycanın Olimpiya hərəkatı – müstəqillik yolu ilə 25 il” mövzusunda məruzə ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizin müstəqilliyin bərpasından sonra idman sahəsində əldə olunan uğurlar haqqında məlumat verib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmanın kütləviləşməsi, ən müasir tələblərə cavab verən Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi idmanın və Olimpiya hərəkatının inkişafı üçün yeni imkanlar açıb. Əldə etdiyi uğurlara və düzgün idman siyasəti nəticəsində qazandığı nailiyyətlərə görə Azərbaycan digər ölkələrə nümunə göstərilir.

“Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili ölkəmizin növbəti qələbəsi oldu. Standartları Azərbaycanda müəyyənləşən yarışda Avropanın ən güclü atletləri medallar uğrunda mübarizə apardılar. Cari ilin mayında isə Bakıda IV İslam Həmrəyliyi Oyunları müvəffəqiyyətlə təşkil olundu. İdman sahəsində əldə olunan nailiyyətlər ölkəmizdə bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin bariz nümunəsidir”, - deyə Ç.Hüseynzadə vurğulayıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin “Olimpiya gündəliyi-2020: Azərbaycan” mövzusundakı məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. A.Əliyev ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində görülən işlərdən, idmançılarımızın uğurlu çıxışlarından danışıb. Bildirib ki, Azərbaycan idmançıları qatıldıqları Olimpiya Oyunlarında həmişə medallar qazanaraq xalqımızı sevindiriblər. “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal qazanan Azərbaycan milli komandası bu göstəriciyə görə 14-cü yerdə qərarlaşıb. Milli komandamız Avropa ölkələri arasında yeddinci, müsəlman ölkələri arasında birinci olub. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir.

A.Əliyev vurğulayıb ki, ölkəmizdə “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramı uğurla həyata keçirilir. Əsası 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulan proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olimpiya hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasında mühüm rol oynayır və Azərbaycanda idmanın inkişafına töhfə verir.

“Uşaqların idmana cəlb olunması və bu işin kütləviləşməsi məqsədilə “İdman hamı üçün” adlı televiziya verilişi hazırlanıb. Hər dəfə bir idman növünə həsr olunan proqramda federasiyalarla əməkdaşlıq nəticəsində həmin idman növünün tarixi və bu sahədə qazanılan nailiyyətlər barədə ətraflı söhbət açılır. Proqramda tanınmış idmançılarla yanaşı, atletlərin düzgün qidalanması, hazırlığı və təlim-məşq prosesi barədə də ətraflı məlumat verilir”, - deyə A.Əliyev diqqətə çatdırıb.

Ukrayna Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, professor Vladimir Platonov “Olimpiya idman növlərinin müasir problemləri və milli komandaların Olimpiya Oyunlarına hazırlığı” adlı məruzəsində dopinq problemi və uşaqların idmana cəlb olunması mövzularına toxunub.

Sonra ölkəmizdə uşaqların idmana cəlb edilməsi istiqamətində görülən işlərə dair videoçarx nümayiş olunub.

Hesabat məruzələrindən sonra forum iştirakçıları Olimpiya Hərəkatı, Olimpiya və Avropa oyunları, “Olimpiya Gündəliyi 2020”, idmanın təşviqi və digər mövzularda müzakirələr aparıblar.

Qeyd edək ki, Bakıda bu forumla paralel olaraq Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası da keçirilib.

İclasda AOK-un icraçı prezidenti Janez Koçijançiç, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec, Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti, AOK-un baş katibi Raffaele Paqnozzi və bir sıra ölkələrin Milli Olimpiya komitələrinin rəhbərləri iştirak ediblər.

Xəbər 1609 dəfə oxundu.