İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub
İyulun 12-də İdman Tennis Kompleksinin (İTK) əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Ərazisi 1,16 hektar olan İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Cari ilin birinci yarısından başlayaraq, kompleksin bina və qurğularında əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb və zəruri tikinti-quraşdırma işləri aparılıb. Kompleksin əsas binası, tribunası, gözətçi-keçid məntəqəsi əsaslı təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin edilib.

Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitnes zalı, masaj otağı, qazanxana, nasosxana, su anbarı tikilib. Həmçinin yeni sahəvari qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmin olunub.

Kompleksin standartlara tam cavab verdiyini diqqətə çatdıran İTK-nin direktoru Elşən Babayev deyib: “Burada uşaq qrupları və abunəçiləri qəbul edirik. Cari ilin fevralından kompleksdə təmir-bərpa işlərinə start verilib. Təmir işlərinə bir çox mütəxəssis cəlb olunub. Tennisist örtüyü Rusiyadan gəlmiş mütəxəssislər tərəfindən quraşdırılıb. Kompleksdə əlavə fitnes-zalı hazırlanıb. Burada, həmçinin milli komandanın üzvlərinin hazırlıq keçməsi üçün şərait yaradılıb”.

Xəbər 1674 dəfə oxundu.