“Odlar Yurdu” klubunun növbəti rəqibləri Hollandiya və Türkiyə şahmatçıları olacaq
Türkiyənin Antalya şəhərində kişi və qadın şahmatçılardan ibarət klub komandaları arasında Avropa Kubokunun üçüncü turunun oyunları keçirilib.

Bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət “Odlar Yurdu” komandası İtaliyanın “Obiettivo Risarcimento Padova” komandası üzərində 3,5:2,5 hesabı ilə qələbə qazanıb.

Turnirdə 3 turdan sonra kişi komandaları arasında “Qlobus” (Rusiya) – 6 (14), “Odlar Yurdu” – 6 (13,5), “Gambit Asseco See” (Makedoniya) - 6 (13,5), “LSG Leiden” (Niderland) - 6 (12), və “Mednıy Vsadnik” - 5 (13) komandaları liderdir.

Azərbaycanın qadın yığması Belarusun “Bossa Nova” komandasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Üç turdan sonra qadın komandaları arasında “Bossa Nova” üç qələbə qazanmaqla 6 matç xalı və 9 fərdi xal əldə edərək liderdir. Beş komanda dərhal hərəyə 4 xal qazanıb. Rusiyadan olan “Legacy Square Capital” komandası 4 (7,5) xalla ikinci, “Odlar Yurdu” - 4 (7,5) üçüncü, Gürcüstanın “Batumi Chess Club NONA” komandası isə dördüncü yerdədir.

Yarışların dördüncü turunda Azərbaycanın kişilərdən ibarət yığması Hollandiyanın “LSG LeidenŠk” komandası, qadın şahmatçılarımız isə Türkiyənin “Anatolia” yığması ilə qarşılaşacaq.

“Odlar Yurdu”-“LSG LeidenŠk” qarşılaşmasında Yan Maykl Sprenger - Arkadi Naydiç, Artur Piclers - Rauf Məmmədov, Haastert Edvin Van - Qədir Hüseynov, Kasper Şoppen - Eltac Səfərli, Elke Viersma - Nicat Abbasov və Martin Robol - Azər Mirzəyev mübarizə aparacaq.

“Odlar Yurdu”-“Anatolia” matçında Zeynəb Məmmədyarova - Yekaterina Atalik, Ülviyyə Fətəliyeva -Bətul Cəmrə Yıldız, Xanım Balacayeva - Xəyalə İsgəndərova və Aydan Höcətova - Çagil İrmak Arda qarşılaşacaq.

Qaliblər və mükafatçılar İsveçrə sistemi üzrə keçirilən yeddi turun nəticələrinə görə müəyyən olunacaq.

Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.

Xəbər 570 dəfə oxundu.