“DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə oktyabrın 10-da yekun vurulub.

Qoca qitə üzrə seçmə mərhələnin sonuncu günündə “A”, “B” və “H” qruplarında yer alan komandalar mübarizə aparıblar.

“A” qrupunun lideri Fransa evdə Belarus yığmasını 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq çempionata birbaşa vəsiqəni təmin edib. Bu qrupdan pley-off mərhələsinə yüksəlmək uğrunda oyunda Niderland və İsveç milliləri üz-üzə gəliblər. Hollandiyalılara böyük hesablı qələbə qazanmaq lazım olsa da, onların cəmi iki qola gücü çatıb. Bu qrupun digər oyununda isə Lüksemburq evdə Bolqarıstan ilə sülh bağlayıb – 1:1.

“B” qrupundan dünya çempionatına birbaşa vəsiqənin sahibi sonuncu turda məlum olub. Portuqaliya millisi qəbul etdiyi İsveçrə yığmasının qapısından iki cavabsız top keçirərək mundiala birbaşa yollanmaq hüququ qazanıb. İsveçrə yığması mübarizəni pley-offda davam etdirəcək. Bu qrupun digər oyunlarında Macarıstan seçməsi Farer adalarını 1:0, Latviya isə Andorranı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“H” qrupunda birinci yeri əvvəlki turlarda təmin edən Belçika yığması sonuncu oyunda Kipri 4:0 hesabı ilə məğlub edib. Bosniya və herseqovinalılar səfərdə Estoniyaya 2:1 hesabı ilə qalib gəlsələr də, Yunanıstanın Cəbəllütariqi məğlubiyyətə uğratması (4:0) onların pley-off ümidlərini boşa çıxarıb.

Beləliklə, Avropa qitəsindən mundialda birbaşa iştirak hüququnu Fransa, Portuqaliya, Almaniya, Serbiya, Polşa, İngiltərə, İspaniya, Belçika və İslandiya milliləri qazanıblar. İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, Slovakiya, İtaliya, Yunanıstan və Xorvatiya yığma komandaları isə mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.

Avropa zonası üzrə seçmə mərhələdə ən yaxşı nəticəni Almaniya yığma komandası göstərib. On görüşün hamısında qələbə qazanan dünya çempionları rəqib qapılarına 43 dəfə yol tapıb, öz qapılarından isə cəmi 4 top buraxıblar. Ən çox top buraxan komandalar isə San-Marino (49) və Cəbəllütariqdir (44).

Xatırladaq ki, seçmə mərhələnin “C” qrupunda mübarizə aparan Azərbaycan milli komandası 10 xalla beşinci sırada qərarlaşıb.

Xəbər 536 dəfə oxundu.