“Odlar Yurdu” Avropa Klubları Kubokunun liderlər qrupundadır
Türkiyənin Antalya şəhərində keçirilən Avropa Klubları Kubokunun ikinci turunda Azərbaycanın “Odlar yurdu” klubunun qadın şahmatçılardan ibarət yığması qələbə qazanıb.

Şahmatçılarımızın rəqibi yarışın reytinq-favoriti - Gürcüstanın “Batumi Chess Club NONA” klubu olub. Gərgin və inadcıl mübarizədən sonra görüş azərbaycanlı şahmatçıların xeyrinə (2,5:1,5) başa çatıb. Zeynəb Məmmədyarova Nana Dzaqnidzeniyə, Xanım Balacayeva Salome Meliaya qalib gəlib, Gülnar Məmmədova Nino Batsiaşviliyə məğlub olub, Ülviyyə Fətəliyeva isə Xarika Dronavalli ilə görüşü heç-heçə başa vurub.

“Odlar Yurdu”nun kişi şahmatçılardan ibarət yığması Latviyanın “Riga Technical University” komandası ilə qarşılaşıb. Dörd partiya Azərbaycan qrossmeysterlərinin qələbəsi ilə başa çatıb: Rauf Məmmədov Aloyzas Kveynisə, Eltac Səfərli Anna Kantaneyə, Nicat Abbasov Eqons Lavendelisə, Azər Mirzəyev Ritvars Reimanisə qalib gəlib. Arkadi Naydiç Toms Kantansla heç-heçə oynayıb, Qədir Hüseynov Laura Roquleyə məğlub olub. Yekunda Azərbaycan komandası 5,5:1,5 hesabı ilə qalib gəlib.

Açıq seksiyada doqquz komanda, o cümlədən 4 xal toplamış “Odlar Yurdu” liderlik edir. Qadın komandaları arasında hər biri 4 xal toplamış “Odlar Yurdu” və Belarusun “Bossa Nova” yığması irəlidədir.

Yeddi turdan ibarət yarışın üçüncü turu bu gün keçiriləcək. Azərbaycanın kişi şahmatçılardan ibarət yığması İtaliyanın “Obiettivo Risarcimento Padova” komandası, qadın şahmatçılardan ibarət komandamız isə Belarusun “Bossa Nova” yığması ilə qarşılaşacaq.

“Odlar Yurdu” – “Obiettivo Risarcimento Padova” matçında Arkadi Naydiç – Daniele Vokaturo, Rauf Məmmədov – Alberto David, Qədir Hüseynov – Sabino Brunello, Eltac Səfərli Daniil Dvirnı, Nicat Abbasov – Alessio Valseççi və Azər Mirzəyev – Roberto Moqrantsini görüşəcək.

“Odlar Yurdu” – “Bossa Nova” matçında Natalya Jukova – Zeynəb Məmmədyarova, Olqa Badelka – Ülviyyə Fətəliyeva, Yelena Zayats – Gülnar Məmmədova, Lanita Stetsko – Xanım Balacayeva qarşılaşacaq.

Turnirin qalibləri və mükafatçıları İsveçrə sistemi üzrə keçiriləcək yeddi turun nəticələrinə əsasən müəyyən ediləcək.

Vaxt nəzarəti: birinci 40 gediş üçün 90 dəqiqə, sonra oyunun sonuna qədər 30 dəqiqə, üstəgəl oyunun əvvəlindən hər gediş üçün 30 saniyədir.

Xəbər 1214 dəfə oxundu.