İlk ev oyununun dərsləri

Bu həddə çatan komanda mübarizliyə alışmalıdır

Nəhayət, Çempionlar Liqasının himni qrup mərhələsinin - əsas yarışı çərçivəsində ilk dəfə Azərbaycanda canlı səsləndi. Azərbaycan çempionunun ilk ev qarşılaşması ilk dəqiqələrdən hiss-həyəcan və şokla başlasa da, sonradan hər şey normal axarına düşdü. Elə bu səbəbdən də böyük təşviş içində başlayan matçın yekun qiyməti də birmənalı olmadı.

Əslində, oyunla bağlı deyiləsi məqamlar çoxdur. Lakin görüş həmin ərəfədə qeyd etdiyimiz əsas məsələlərin tam əksinə cərəyan etdi. Deməli, qeydlərin məşqçi korpusunun diqqətini çəkə biləcəyini zənn etməyimiz də doğru hesaba söykənməyibmiş. Elə buna görə də oyun haqqında çox danışmağa da ehtiyac qalmır, sadəcə, təəssüf doğuran bəzi məsələləri diqqətə çatdırmaqla kifayətlənək.

Bakı Olimpiya Stadionunu ev oyunlarının meydanı kimi seçən "Qarabağ" təkcə azarkeş axınında yanılmadı. Fikrimcə, tamaşaçı marağına rəğmən "Qarabağ" oyunu bu amilə qurban verməməliydi. Tofiq Bəhramov adına Respublika stadionunu, necə deyərlər, eninə-uzununa biçib-öyrənmiş komanda son dəqiqələrə qədər yeni stadionun meydanının ot örtüyünü belə tam hiss edə bilmədi. Hələ auditoriyanın, təkcə akustikanın təsirlərindən danışsaq, böyük təhlil yaranar. Azrkeş dəstəyi məsələsində isə hələ də çatışmazlıqlar o qədər çoxdur ki, bunun özü də böyük söhbətin, müzakirələrin mövzusudur. Azərbaycan futbolunun get-gedə azalan azarkeş kütləsinin də əlifbası buradan başlanır. Bunu isə nə AFFA, nə də klublar hələlik ciddi qəbul edib, ona diqqət yetirmək niyyətində deyillər. Əslində, həllini gözləyən o qədər problem var ki, bu barədə danışmaq bir az yersiz görünür. Ona görə də qayıdaq oyuna.

Komandanın ilk dəqiqələrdən seçdiyi və özünə heç xas olmayan, daha doğrusu, özünə xilaf çıxdığı taktiki plan məğlubiyyətin və ilk dəqiqələrdəki tam iflasın səbəbi idi. Ərəfə məqaləsində "Qarabağ"ın üstünlük verməli olduğu tərz haqqında ətraflı söhbət açmışdıq və məşqçi korpusunun bunu nə üçün belə etməli olduğunun izahını vermişdik. Görünür, komandanın sükanı arxasında əyləşənlər, adi azarkeşin görə biləcəyi səviyyədə belə, bu rəqibi lazımınca dəyərləndirə, çözə bilməmişdilər. Axı, təmsilçimiz elə rəqiblərlə üz-üzədir ki, hətta məğlub olacağı güman edilsə belə, onları tam ciddi təhlil etməli, ötən dəfə də qeyd etdiyimiz kimi, az qala hər ampluanın xarakterik özünəməxsusluqlarını çözməlidir. Bu yanaşma boyundan yuxarı tullanmış klubumuzun məşqçilərinin səviyyə göstəricisi olmalıydı. Bu mənada, çox təəssüf ki, ötən iki oyun, ələlxüsus da "Roma" ilə matç hədər verilmiş şans oldu.

Ümumiyyətlə, diqqət etsəniz, Azərbaycan çempionu bu yarışda qapısında buraxdığı 8 topun hamısına yalnız öz səhvləri üzündən məyus olub. Vurduğu yeganə qol isə fərdi oyunçu anlaşması və bunun nəticəsində effektli olmuş hücum quruculuğunun nümunəsidir. Deməli, qeyd edilənləri də nəzərə alsaq, bütün hallarda matçla bağlı söhbət yalnız düzgün qurulmayan taktiki oyun planından gedə bilər.

"Qarabağ"ın asta-asta oyunda tarazlığı bərpa etməsi də, əslində, təmsilçimizin hünəri deyildi. Elə oyun ərəfəsi onu da xüsusi vurğulamışdıq ki, "Roma" rəqibi həddən artıq aciz gördükdə, yaxud özünə güvəndikdə, hədsiz arxayınlaşır və bu, əksərən, ona baha başa gəlir. İtaliya paytaxtının eyniadlı təmsilçisinin istər ölkədaxili, istərsə də qitəmiqyaslı yarışlarda uğursuzluqlarının başlıca səbəbi də elə budur. Buna görə, hətta bir neçə top buraxsa da, komandamızın mübarizliyi unutmamalı olduğunu qeyd etmişdik. "Qarabağ" bunlara hazır olmadı. Oyunun gücləndirilməsində məşqçi korpusu bu dəfə də əvəzləmələrdə səhvlərə yol verdi. Fərqli oyun planı, qarşılaşmanın gedişində üslubu çevirmək bacarığı və bunun üçün lazım olan taktiki gedişlərin heç biri alınmadı, bir çox hallarda buna heç cəhd də edilmədi.

Ona görə də "Roma" ilə oyun barədə artıq söz yazmağa ehtiyac qalmır. Futbolçulara gəlincə, bu dəfə qapıçı yenə xilaskar rolunu oynaya bilmədi. Əvəzində birinci görüşdən fərqli olaraq, Qara Qarayev artıq özünü toparlamış kimi göründü. Üzərində işləsə, bu futbolçunun potensial imkanlarının hələ tükənmədiyini elə "Roma" ilə matç əyani göstərdi.

Əlbəttə, hər şey mənfi axarda deyildi. Oyun quruculuğunda müsbət amillər var idi. Bunu qarşıdakı görüşlərdə cüzi inkişaf etdirmək üçün hələ fürsət var. Ən əsası, cinah-mərkəz quruculuğunda davam edən hərc-mərciliyi, əslində, tam plansız oyunu dəyişmək lazımdır. Yəqin diqqətcil azarkeşlər onu da müşahidə ediblər ki, "Qarabağ"ın hücumları düşünülmüş qurucu deyil, yalnız futbolçuların fərdi imkanları və bacarıqları hesabına təşkil olunur. Amma bunu bir azacıq yönəltmək, üstəlik, gənc Mahiri ipə-sapa yatızdırmaq, Ndlovunun faydalı iş əmsalını artırmaq mümkün olsa, Pedrunu da əlavə etməklə, yalnız birinci topun təchizatçısına ehtiyac qalacaq. Belə olmasa, qarşıdan gələn matçda komandamız yalnız rəqibin rəhminə möhtac qalacaq. Çünki "Atletiko" nəinki səhvləri bağışlamır, hətta fərdi quruculuq planlarının çox da irəli getməsinə imkan vermir. Yuxarıda qeyd etdiyimiz məqam, əlbəttə, bu matçda da komandamızın buraxacağı deyil, vuracağı qolun və ya qolların ssenarisi üçündür. Fəqət, Madrid təmsilçisinin zəif yerləri az deyil, hətta onun İspaniya çempionatında deyil, təkcə Çempionlar Liqasının ilk iki turundakı görüşlərini izləməklə nəticə çıxarmaq olar. "Roma" ilə matçda həm quruculuq, həm də rəqabətə davamlılıq baxımından daha faydalı, "Çelsi" ilə görüşdə isə təzyiqə tab gətirmək üçün səmərəli məlumatlar var. Bunları "Qarabağ"ın futbolçularını potensial imkanları müstəvisinə köçürəndə, çox dərs almaq olar. Sadəcə, əvvəlki iki matçdan fərqli olaraq, "Qarabağ" özünə inanmalı, məğlubiyyətlə əvvəldən barışıb yalnız kiçik hesablı məğlubiyyətə çalışmamalıdır. "Roma"nın qapısına ikinci dəfə yol tapılmaması da bunun bariz nəticəsi idi. Əlbəttə, meydanda qol vurmağa cəhdlər edilirdi. Lakin, gəlin etiraf edək ki, bir az psixoloji təhlili apara bilənlər, məhz “minimal hesabla barışığı” sezməmiş deyillər. Bu isə, məncə, rəqibin səviyyəsindən asılı olmayaraq, zəiflik əlamətidir - həmişə belə qəbul olunub. Bu həddə gəlib çatan komanda səviyyə fərqindən bəhs etməməli, bir az da maksimalist olmağı bacarmalıdır - çalışıb ona çatmalıdır və ya buna çatmağa cəhd etdiyini göstərməlidir.

İnkişafın başqa yolu da olmur. Aza qane olmaq az sonra sabitliyə, sonra durğunluğa, sonra da enişə səbəb olur. Bunu "Qarabağ" bu seriyadan əvvəlki yüksəliş illərinin yekun iflasını göz önünə gətirsə, çox dərslər götürə bilər. Hər yüksəlişin bir enişi var. Deməli, qarşıda görüləsi işlər də çoxdur.

Xəbər 1616 dəfə oxundu.