Qazaxlı idmançılar dünya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıblar
Qazaxda qol güləşi üzrə 39-cu dünya çempionatının qalibləri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov dünya çempionlarını təbrik edərək, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, bu gün respublikamızda idmanın bütün növlərinin inkişaf etməsi üçün gözəl şərait yaradılıb. Ölkə başçısı idmançılara hər cür dəstək verir, onlara diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, dünyanın ən böyük idman arenalarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himnimiz səslənir. Bildirilib ki, respublikamızda olduğu kimi, Qazaxda da idmanın inkişafına hər cür kömək göstərilir. Son zamanlar bu sahədə aparılan təmir-tikinti işləri, idmançılara yaradılan şərait bunun bariz nümunəsidir.

Qazax Qol Güləşi Məktəbinin rəhbəri, qol güləşi üzrə respublikanın Əməkdar Məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyev çempionat haqqında məlumat verib. Bildirib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında Azərbaycan yığma komandası 8 idmançı ilə təmsil olunub ki, onlardan da 3-ü Qazax Qol Güləşi Məktəbinin idmançılarıdır. Ümumilikdə, Azərbaycan yığma komandası bu yarışda 6-sı qızıl, 2-si gümüş olmaqla, 8 medal qazanıb ki, onlardan da 5-i qazaxlı idmançıların payına düşür.

Qazaxlı idmançılardan Ramazan Rüstəmov 2 qızıl, Nemət Vəkilov 1 qızıl, İsgəndər Mustafayev isə 1 qızıl və 1 gümüş medala sahib olublar.

Rayon rəhbərliyi tərəfindən çempionlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Xəbər 488 dəfə oxundu.